“Qida zəhərlənmələrinin qarşısını almaq üçün maarifləndirmə davamlı olmalıdır”-EKSPERTDƏN AÇIQLAMA
Yay mövsümündə qida zəhərlənmələri ilə bağlı müraciətlərin artması bu problemin aktuallığını bir daha gündəmə gətirir. Mütəxəssislər düzgün saxlanılmayan və gigiyenik qaydalara əməl olunmadan hazırlanan qidaların ciddi sağlamlıq riskləri yaratdığını bildirirlər.
Mövzu ilə bağlı “İnformator.az” saytı olaraq həm şəhər sakinlərinin, həm də ekspertin fikirlərini aldıq.
Şəhər sakini Narin Şəfiyeva yayda qidalara xüsusi diqqət etdiyini bildirib:
“Təzə hazırlanmış yeməklər yeməyə çalışıram, uzun müddət açıq qalan qidaları isə almıram. İsti havada ehtiyatlı olmaq vacibdir, çünki qidalar xarab ola bilər. Bu da zəhərlənməyə gətirib çıxarır”.
Esmira İsgəndərova isə bazarlıq edəndə məhsulun görünüşünə və son istifadə tarixinə baxdığını qeyd edib:
“Əgər qidada hər hansı şübhə yaranırsa, onu almırıq. Xüsusilə, marketlərdə son günlərdə vaxtına az müddət qalmış və ya hasar almış qidalar daha ucuz satılır. Mütləq bunlara fikir verməliyik”.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, bəzi qidalar var ki, bunlar yüksək risk qrupuna aiddir:

"Xüsusilə də, qidalar yay mövsümündə daha tez xarab olur,ona görə onalrı doğru şəkildə "soyuq zəncir prinsipi"nə əsaslanaraq saxlamaq lazımdır. Bunlar əsasən süd və süd məhsulları, xüsusilə qatıq, pendir, qaymaq, eləcə də ət və ət məhsullarıdır. Dəniz məhsulları, yumurtadan hazırlanan məhsullar, kremli şirniyyatlar, eləcə də ev üsulu hazırlanmış qarışıq salatlar, doğranmış meyvələr var ki, bunlar daha tez xarab olmağa meyllidir. Ona görə bu məhsulları həm evdə, həm satış yerlərindən alarkən yeni olmasına və iki-dörd dərəcə arasında temperaturda saxlanılmasına diqqət olunmalıdır.
Bişirilmiş məhsulları iki saatdan çox otaq temperaturunda saxlamaq olmaz. Mütləq soyuducuya yerləşdirmək lazımdır və hər məhsul özünə uyğun olaraq düzgün qablaşmada istifadə edərək saxlanılmalıdır. Məhsullar hazırlanarkən, saxlanılarkən sanitar-gigiyena qaydalarına da əməl olunması ən vacib şərtlərdəndir”.
Ekspert qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi də mütəmadi olaraq satış yerlərində nəzarətləri gücləndirməlidir:
“Qeyri-qanuni satışların, mənşəyi bəlli olmayan məhsulların satışının qarşısı alınmalıdır. Xüsusilə də, məhsulların satışı həyata keçirilərkən, daşıma və saxlanılma zamanı şəraitdə də soyuq zəncir prinsipi əsas götürülməlidir. Bundan başqa, mütəmadi olaraq əhalinin maarifləndirilməsi həyata keçirilməlidir.
Supermarketlərdə, eləcə də satış obyektlərində soyuducuların düzgün işləməsinə, məhsulların istehsal tarixinin son istifadə müddətinə ciddi nəzarət olmalıdır. Açıq şəkildə satılan məhsulların mənşəyi bəlli deyilsə, keyfiyyətsizdirsə, bunlar məhdudlaşdırılmalıdır. Eyni zamanda, bütün bu prosesi həyata keçirən işçi heyətin şəxsi gigiyenası da çox önəmlidir ki, burada da personalın təlimatlı olması çox önəmli məsələlərdəndir. Bir çox hallarda da mətbəxlərdə çiy və hazır məhsul, bişmiş məhsullar eyni yerdə saxlanılır, eyni taxta lövhələrdə və yaxud doğrama səthlərində doğranılır. Bu da çarpaz çirklənməyə məruz qalır. Ona görə mütəmadi olaraq həm supermarketlərdə, həm ictimai iaşə obyektlərində işçi personalın maarifləndirilməsi, təlimatlandırılması həyata keçirilməklə yanaşı, nəzarət tədbirlərinin də keçirilməsi vacibdir”.
Nuray Əliyeva