00:00:00
Yazar
Zəhra Həsənova
28.09.2026 16:41 88 3 dəq oxuma
Sosial

Qida zəhərlənmələrinin yarıdan çoxu məişətdə qeydə alınıb - Nələrə diqqət edilməlidir ? 

Qida zəhərlənmələrinin yarıdan çoxu məişətdə qeydə alınıb - Nələrə diqqət edilməlidir ?

Qida zəhərlənmələri Azərbaycanda da ciddi ictimai sağlamlıq problemlərindən biri olaraq qalır. Mütəxəssislər bildirirlər ki, qida zəhərlənmələrinin əhəmiyyətli hissəsi məhz ev şəraitində baş verir və bunun əsas səbəbləri qidaların düzgün saxlanılmaması, hazırlanması zamanı gigiyena qaydalarına əməl edilməməsi və istehlakçıların diqqətsizliyidir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova qeyd edib ki, keyfiyyətli və mənşəyi məlum olan məhsullar belə yanlış saxlanma şəraitinə görə sağlamlıq üçün risk yarada bilər:

 

“Qidanın düzgün saxlanılmaması və hazırlanması qida zəhərlənmələrinin əsas səbəblərindəndir. Bəzən insanlar keyfiyyətli məhsul aldıqlarını düşündükləri üçün onu təhlükəsiz hesab edirlər. Halbuki məhsul düzgün temperaturda saxlanılmadıqda təhlükəli hala gələ bilər”, – ekspert bildirib.

 

Onun sözlərinə görə, ən çox rast gəlinən səhvlərdən biri çiy və bişmiş qidaların bir-birindən ayrılmaması, həmçinin bişirilmiş yeməklərin uzun müddət otaq temperaturunda saxlanılmasıdır.

 

“Xüsusilə, ət və digər heyvan mənşəli məhsullar bişirildikdən sonra uzun müddət otaq temperaturunda qaldıqda mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaranır. Eyni zamanda, mətbəxdə istifadə olunan bıçaq, lövhə və digər vasitələrin kifayət qədər təmizlənməməsi çarpaz çirklənməyə səbəb olur”, – deyə o vurğulayıb.

 

Ekspert ev şəraitində ən çox zəhərlənməyə səbəb olan məhsullar sırasında çiy və ya yaxşı bişirilməmiş ət və quş əti, yumurta, balıq və dəniz məhsulları, həmçinin çiy süddən hazırlanan məhsulların yer aldığını bildirib.

 

“Mayonezli salatlar, kremli məhsullar və hazır yeməklər uzun müddət soyuducudan kənarda qaldıqda risk daha da artır. İnsanlar çox vaxt qidanın qoxusunun və ya rənginin dəyişmədiyini görüb onu təhlükəsiz hesab edirlər. Lakin bəzi təhlükəli mikroorqanizmlər bunu hiss etdirmədən də inkişaf edə bilir”, – ekspert qeyd edib.

 

Mütəxəssis qida təhlükəsizliyinin təmin olunması üçün Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi əsas prinsiplərə əməl olunmasının vacibliyini vurğulayıb.

 

“Əl və mətbəx gigiyenasına riayət etmək, çiy və bişmiş qidaları ayırmaq, yeməkləri tam bişirmək, təhlükəsiz temperaturda saxlamaq və təmiz sudan istifadə etmək qida zəhərlənmələrinin qarşısının alınmasında mühüm rol oynayır”, – deyə o bildirib.

 

Qida təhlükəsizliyi ilə bağlı maarifləndirmənin vacibliyinə toxunan ekspert bu sahədə məlumatlandırmanın ailədən başlamalı olduğunu deyib.

 

“Uşaqlara erkən yaşlardan əl gigiyenası, qidaların düzgün saxlanılması və etiket məlumatlarının oxunması öyrədilməlidir. Bununla yanaşı, məktəblərdə, bağçalarda, kütləvi informasiya vasitələrində və sosial mediada davamlı maarifləndirmə aparılması vacibdir”, – ekspert əlavə edib.

 

İstifadə müddəti bitməyə yaxın olan məhsullar barədə danışan mütəxəssis bildirib ki, risk məhsulun növündən və saxlanma şəraitindən asılıdır.

 

“Əgər məhsul düzgün temperaturda saxlanılıbsa, son istifadə tarixinədək istehlak oluna bilər. Lakin xüsusilə, zülal mənşəli qidalarda saxlama qaydalarının pozulması təhlükəli mikroorqanizmlərin artmasına səbəb ola bilər. Buna görə istehlakçılar məhsulun etiketində göstərilən istifadə müddətinə və saxlanma şərtlərinə ciddi əməl etməlidirlər”, – deyə o qeyd edib.

 

Mütəxəssislər hesab edirlər ki, qida zəhərlənmələrinin qarşısının alınması üçün yalnız istehsalçıların və aidiyyəti qurumların deyil, istehlakçıların da məsuliyyətli davranması vacibdir. Qidaların düzgün seçilməsi, saxlanılması və hazırlanması sağlamlığın qorunmasının əsas şərtlərindən biri hesab olunur.

 

Sevgi İbrahimova

#qeydə #yarıdan #alınıb #diqqət #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər