Qış Olimpiadası idmançımız üçün böyük təcrübə olub
XXV Qış Olimpiya Oyunlarında Azərbaycan təmsilçilərinin çıxışı diqqət mərkəzində olub. Xüsusilə, Anastasiya Papatomanın slalom yarışlarında göstərdiyi nəticə ölkə üçün tarixi hesab edilir.
Mövzu ilə bağlı Qış İdman Növləri Federasiyasının Baş katibi Günel Bələdova "İnformator.az"a açıqlamasında bildirib ki, Olimpiya oyunlarında bizim ölkəmizi fiqurlu konkisürmə növü üzrə Vladimir Litvintsev və Dağ xizəyi növü üzrə Anastasiya Papatoma təmsil edib:
"Biz Vladimrdən daha böyük, yüksək nəticələr əldə etmişik və onun potensialı da buna şərait yaradıb. Həmçinin bu mövsümdə göstərdiyi çıxışlar və ümumiyyətlə, güclü məşq mərhələləri buna göstərici idi. Hər bir idman növündə olduğu kimi həyəcan, təəssüf ki, bizə bu nəticəni əldə etməyə mane oldu. Lakin bizim digər idmançımız ölkə üçün tarixi bir nəticə göstərib və qeyd etmək istərdim ki, bizim idmançımız Anastasiya Papatoma həmin yarışın ən gənc idmançısı idi. 18 yaşında onun iştirak etdiyi ilk beynəlxalq, irimiqyaslı yarış sayılır. O, yarışda uğurlu nəticə göstərib və düşünürəm ki, gələcək illərdə daha yüksək nəticə əldə edəcək. Daha irimiqyaslı yarışlarda ölkəmizi təmsil edəcək".
Müsahib həmçinin medal perspektivi və gələcək prioritetlər haqqında da məlumat verib:
"Qış İdman növləri Federasiyası olaraq bizim əsas hədəfimiz qış idman növlərini ölkədə daha geniş tanıtmaqdır. Nəinki ölkə daxilində, hətta beynəlxalq arenada da bu istiqamət üzrə güclənmək və idmançıların sayını artırmaq istəyirik. Məqsədimiz daha yüksək pillələrdə olmaqdır. Hər bir idman növündə müəyyən vaxt tələb olunur. Xüsusilə, qış idman növlərində buna daha çox ehtiyac var. Çünki bu idman növləri ölkəmizdə daha az tanınır. Arzum budur ki, gələcək illərdə biz daha yüksək nəticələr göstərə bilək".
Zəhra Möhübbətova
