"Qış tədarükü" ənənəsi getdikcə ortadan qalxır
Yay fəslində evdar qadınlarlarımızın ənənəsinə çevrilmiş "qış tədərükü görmək" deyə bir işi var. Buraya qış fəsli boyunca yeyiləcəyi nəzərdə tutulan turşuların, meyvə-tərəvəzlərdən mürəbbələrin, cemlərin hazırlanması daxildir. Son vaxtlar xanımlarımız bunu istədikləri qədər edə bilmirlər. Əsas səbəbi isə gün-gündən artmaqda olan bahalaşmadır. Meyvə-tərəvəz daxil olmaqla, şəkər tozunun da qiymətində görülən artım buna mane olur.
Hər il bu işi həvəslə yerinə yetirən Səadət Tağıyeva deyir ki, bu il istədiyi hazırlığı görə bilməyib: "Qazancımla ərzaqların qiyməti uyğun gəlmir, əgər bu belə davam etsə, növbəti illərdə qış üçün heç bir hazırlıq görə bilməyəcəyik". Ötən illərdə 30-40 turşu bankası bağladığını söyləyən Səadət xanım bu il qiymətlərə görə sayın 15-20-yə düşdüyünü deyir.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli də təsdiqləyərək deyir ki, şəkər tozunun, meyvə-tərəvəzlərin qiymətində olan artım ev təsərrüfatlarında gedən hazırlıqlara mane olur, insanlar əvvəlki kimi bu hazırlıqları edə bilmirlər. Müsahibimiz bunun səbəbini alıcılıqla əlaqələndirir: "Belə ki qiymətlər artır, insanların alış-veriş etmək faizi aşağı düşür və məcburən bu adətdən də kənara qalırlar. Qiymətlərdə əvvəlki illərə nisbətə 20-25% artım özünü göstərir. Şəkər tozu da müvafiq olaraq 15-20% bahalaşıb. Şəkər tozunun qiymətinin artmasına səbəb isə odur ki, əgər əvvəl Rusiyadan alırdıqsa, Rusiya-Ukraniya müharibəsindən sonra oradan daha az almağa başladıq və bu da qiymətlərdə dəyişikliyə səbəb oldu".
Çinarə Muradova
