Qiymətli kağızların girovunun qeydiyyatı Milli Depozit Mərkəzinə həvalə olunub
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən təsdiqlənmiş \"Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi\" Qaydası fevralın 11-dən qüvvəyə minib.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan İnformator.az-a bildiriblər ki, yeni qaydaya əsasən, qiymətli kağızların girovunun komitədə dövlət qeydiyyatının aparılması ləğv olunub və qiymətli kağızların girovunun qeydiyyatı Milli Depozit Mərkəzinə (MDM) həvalə olunub.
Qeyd edək ki, qeydiyyatın Mərkəzi Depozitar tərəfindən aparılması bu proseslərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə, həmçinin qiymətli kağızların girovla yüklənməsi prosedurlarının optimallaşdırılmasına xidmət edir. Qaydalarda girovun qeydiyyata alınması üçün təqdim olunan sənədlər və müraciətə baxılma müddəti minimuma endirilib, girov predmetinə tutmanın yönəldilməsi proseduru tərəflərin hüquqları nəzərə alınmaqla müəyyən edilib.
Azərbaycan qanunvericiliyi üçün yeni olan maliyyə girovunun tətbiq edilmə mexanizmi təsərrüfat subyektlərinin maliyyə xidmətlərinin göstərilməsi zamanı tutmanın yönəldilməsi prosedurunun bir çox əngəllərdən azad olunmasına xidmət edir, eləcə də fond bazarında aktiv bazar əməliyyatlarının çevikliyinin təminatı kimi çıxış edir.
Ümumilikdə, bu Qaydalar qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi zamanı operativliyin təmin edilməsinə xidmət edir.
