Qiymətsiz xidmət, yoxsa xidmətsiz qiymət?
Taksilərdə gedişhaqqı bahalaşdı. Yeni tətbiq olunacaq qiymət ən yaxın məsafəyə 2 manat 50 qəpikdir. Qısa məsafələr üçün köhnə gedişhaqqı minimal olaraq 1, 1 manat 50 qəpik aralığında dəyişirdi. Hazırda Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin əksəriyyəti rəqabət adı ilə elə bir qiymət siyasəti həyata keçirir ki, nə müştəri razı qalır, nə də şirkətin işçisi hesab edilən sürücü. Müştərinin ucuz qiymət görüb razı qaldığını düşünmək olar. Amma məsələ ondadır ki, aşağı tariflər şirkətin təqdim etdiyi xidmətin keyfiyyətinin də xeyli aşağı olmasına gətirib çıxarır.
Təbii ki, yüksək keyfiyyətin təmini hazırkı qiymətlərlə mümkün görünmür. Daha çox qazana bilmək üçün sutkanın böyük hissəsini sükan arxasında keçirən yuxusuz sürücü Bakının tıxacında daşıdığı sərnişinə görə 2-3 manat qazanırsa, o şəxsin müştəri ilə davranışında problemlərin olması mütləqdir. Sürücü yorğun, avtomobil nasaz, gəlir az. Bu gün bəzi şirkətlər sürücünün gəlirini artırmaq qərarı verib. Minimum gediş haqqını 2 manat 50 qəpiyə qaldıranlar var.
Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, xidmətin keyfiyyəti daha da yüksəldilməlidir. Xidmətlə bağlı bəzi sürücülərin, bəzi insanların davranışındakı problemlər də aradan qaldırılmalıdır: “Keyfiyyətli xidmət göstərə bilməyən şirkətlərin bazardan çıxmasının, nəticə etibarilə sürücü-müştəri məmnuniyyətilə yanaşı paytaxt yollarındakı tıxaclara da ciddi təsir göstərəcəyi proqnozlaşdırılır. Hesablamalara görə, Bakıda taksi fəaliyyətində istifadə olunan avtomobillərin tıxacdakı payı şəxsi maşınlarkından qat-qat artıqdı. Taksilərin iştirakı ilə baş verən qəzalar isə yol-nəqliyyat sisteminə bu minik maşınların xaotik təsiri barədə sual yeri qoymur”.
Aidə
