Qızıl və gümüşün qiymətindəki enişin qlobal iqtisadi təsirləri
Dünya bazarında qızıl və gümüşün qiymətində ucuzlaşma müşahidə olunur. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 47,7 dollar azalaraq 3 838,6 dollara, gümüşün qiyməti isə 1,91 dollar ucuzlaşaraq 47,22 dollara enib.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, qiymətli metalların eyni vaxtda ucuzlaşması, ilk növbədə, ABŞ dollarının möhkəmlənməsi, faiz dərəcələri ilə bağlı gözləntilər və investorların davranışları ilə əlaqədardır:
“Dollar bahalaşdıqda qızıl və gümüş digər valyutalarla alış edən investorlar üçün daha baha başa gəlir. Nəticədə bu metallara tələb zəifləyir. Digər mühüm amil ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərin güclənməsidir. Faizlər yüksəldikdə investorlar gəlir gətirən istiqrazlara və digər maliyyə alətlərinə üstünlük verirlər. Çünki qızıl və gümüş saxlanıldığı müddətdə faiz gəliri qazandırmır”.
Ekspertin sözlərinə görə, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması da qiymətli metallara investisiya marağını azaldan amillərdəndir. Bununla yanaşı, investorların əvvəlki dövrdə bahalaşmış qızıl və gümüşü sataraq mənfəətlərini reallaşdırması qiymətlərə əlavə təzyiq yarada bilər. Gümüşün ucuzlaşmasına isə sənaye tələbinin zəifləməsi də təsir göstərir. Çünki bu metal elektronika, günəş panelləri və digər sənaye sahələrində geniş istifadə olunur.
Akif Nəsirli qeyd edib ki, qızıl və gümüşün ucuzlaşması uzunmüddətli xarakter alarsa, bunun dünya iqtisadiyyatına təsirləri müxtəlif istiqamətlərdə özünü göstərəcək:
“İlk növbədə, qızıl və gümüş hasilatı ilə məşğul olan şirkətlərin gəlirləri azala, yeni investisiya layihələri təxirə salına və bəzi mədənlərin fəaliyyəti iqtisadi baxımdan səmərəsizləşə bilər. Eyni zamanda, qızıl ixracından ciddi gəlir əldə edən ölkələrin valyuta daxilolmalarına və tədiyyə balansına mənfi təsir yarana bilər”.
İqtisadçı-ekspertin fikrincə, qiymətlərin aşağı düşməsi bəzi sənaye sahələri üçün müəyyən üstünlüklər də yarada bilər. Belə ki, qızıl və gümüşün ucuzlaşması zərgərlik və elektronika sənayesində xammal xərclərinin azalmasına, nəticədə məhsulların maya dəyərinin aşağı düşməsinə şərait yarada bilər.
Akif Nəsirli vurğulayıb ki, qiymətli metalların uzun müddət ucuzlaşması dünya iqtisadiyyatında müsbət vəziyyətin formalaşması kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, ucuzlaşma dolların möhkəmlənməsi və yüksək faiz gözləntiləri ilə bağlıdırsa, bu, qlobal maliyyə şərtlərinin sərtləşdiyini göstərir. Əksinə, iqtisadi və geosiyasi risklərin artması investorların yenidən təhlükəsiz aktivlərə yönəlməsinə və qiymətli metalların bahalaşmasına səbəb ola bilər.
Ekspert hesab edir ki, qızıl və gümüşün qiymətindəki mövcud ucuzlaşmanın uzunmüddətli tendensiyaya çevrilib-çevrilməyəcəyini müəyyən etmək üçün dünya bazarında tələb və təklifin, ABŞ dollarının, eləcə də Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin sonrakı dinamikasını izləmək vacibdir.
Aytən Əhmədova