Qızılca geri qayıdır?
"Qızılcanın geniş yayılmasının səbəbi peyvəndlərin olunmamasıdır. Uşaqlar anadan olandan 3 yaşa qədər vaxtaşırı rutin peyvənd təqvimi var və o peyvənd təqvimi üzrə valideynlər uşaqların peyvəndlərini etdirməlidirlər, bu mütləqdir. Qızılca peyvəndi də rutin peyvəndlərinin tərkibindədir".
Bu fikirləri həkim-infeksionist Mərdan Əliyev informator.az-a açıqlamasında söyləyib. Həkim deyir ki, valideynlər səhlənkar yanaşırlar və uşaqlara peyvənd etdirmirlər.
“Rutin peyvəndlərini etdirməyən valideynlər bilməlidir ki, onların içərisində digər təhlükəli xəstəliklərə qarşı peyvəndlər də var. Demək ki, onları da etdirməyiblər. Sanki bu bir təhlükəli tendensiyadır. Yəqin ki, maarifləndirmə lazımdır”.
Mərdan Əliyev qeyd edir ki, yoluxmalarda yaş fərqi qeydə alınır.
“Kiçikyaşlı uşaqlar bu xəstəliyə daha həssasdır. Bu xəstəlik uşaq infeksion xəstəliyidir. Amma o demək deyil ki, böyüklər yoluxmur. Böyük şəxslər də qızılcaya yoluxa bilər. Xüsusilə 20 yaşdan yuxarı şəxslərin yoluxması daha ağır keçir”.
Həkimin sözlərinə görə, bu təhlükəli xəstəlik hesab olunur.
"Çünki qızılca immun-yaddaş hüceyrələrinə təsir göstərir və onları məhv edir. İnsanın qızılca xəstəliyinə tutulana qədər hansı xəstəliyi keçiribsə, həmin xəstəliklərə qarşı immunitet əmələ gəlmişdir və qızılcadan sonra artıq o xəstəliklərə də yoluxma ehtimalı olur. Yəni əvvəl keçirdiyi xəstəliklərə qarşı da həssas olur”.
Müsahib qızılcanın fəsadlarını qeyd edib.
"Bu xəstəliyin fəsadları - pnevmoniyə ilə də nəticələnə bilir, sinir sisteminə təsir göstərir, optik sinuzit kimi digər ağırlaşmaları olur”.
Qorunmaq üçün nə etməliyik? Mərdan Əliyev deyir ki, qorunmaq üçün əsas məsələ peyvənddir.
"Peyvənd olunmalıdır, xüsusən də uşaqlar rutin peyvəndləri olunmalıdır. Hava-damcı yolu ilə yoluxur və yoluxucu bir xəstəlikdir. Maska taxmaqla və uzaq gəzməklə qorunmaq mümkün deyil. Əgər bir sinifdə bir nəfər xəstə uşaq varsa, bütün sinif xəstələnir. Əgər qapalı yerdirsə, bir neçə metr uzaq da durulsa, xəstələnmə ehtimalı var. Yəni yüksək dərəcəli yoluxucu bir xəstəlikdir”.
Aynur Babayeva
