\"Qloballaşan dünyada ana dilinin qorunması\" mövzusunda tədbir keçirilib
Dil millətin varlığının təminatçısıdır. Bu səbəbdən onu yaşatmaq, qorumaq hər bir vətəndaşın borcudur.
İnformator xəbər verir ki, Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə \"Qloballaşan dünyada ana dilinin qorunması\" mövzusunda tədbir keçirilib. Ağstafada təşkil edilən tədbirin də məqsədi milli sərvətimiz olan Ana dilimizin qorunması istiqamətində təbliğat işlərinin düzgün qurulmasına diqqət yönəltmək olub.
Ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin özünü isbatı, həyat tərzi, mədəni irsidir. Ana dili bizim kökümüz, milli sərvətimiz, əxlaqımızdır. Dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə daha mükəmməl formada çatdırmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bu fikri özünə şüar edən Gənclər Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində tədbir keçirilib. Tədbir zamanı dilin qorunmasında və inkişafında gənclərin rolu xüsusi vurğulanıb. Bu məqsədlə sözügedən mövzuda yeniyetmə və gənclərlə fikir mübadiləsi aparıldı. Onların dil haqqında bilikləri yoxlanıldı. Ümumilikdə dil insanın mənəvi qidasıdır. Dilin qorunması və inkişafında kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşür.
