Yağışlı hava şəhər nəqliyyatında problemləri daha da dərinləşdirir
Payız-qış mövsümündə intensiv yağıntılar şəhər yollarında hərəkəti çətinləşdirir, tıxacların artmasına və ictimai nəqliyyatın fəaliyyətində gecikmələrə səbəb olur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yağışlı hava şəhər nəqliyyatında problemləri daha da dərinləşdirir:
"Yağışlı havada nəqliyyatın üzləşdiyi problemlərin əsas səbəbi yol infrastrukturu ilə bağlıdır. Yəni yollar bərbad haldadır, infrastruktur tab gətirmir və buna görə də yolun ötürücülük qabiliyyəti aşağı düşür. Belə olan halda da belə bir vəziyyətin, yəni xoşagəlməz vəziyyətin yaranması qaçılmaz olur.
Yəni gölməçələr yaranır, bəzi tunellər, keçidlər keçilməz vəziyyətə düşür. Belə olan halda sürücülər risk etməməlidir və təbii ki, buna normal yanaşmaq lazımdır".
Onun sözlərinə görə heç kim gedib göz görə-görə özünü təhlükəyə atmaz, təhlükəli yerlərdə maşın sürmək istəməz:
"Yəni bax bu baxımdan sürücülərə qarşı burada hər hansı bir neqativ deməyin də bir mənası yoxdur. Çünki onların bəzilərinin səhvi var. Nədir o səhv? Təcrübəsiz hərəkətlər, təcrübəsizlikdən irəli gələn hərəkətlər edirlər. Yəni lüzumsuz yerə aşağı sürət və yaxud da lüzumsuz yerə yüksək sürət və sair.
Ona görə balaca bir yağış düşən kimi paytaxtda yol infrastrukturu tab gətirmədiyi üçün çətinliklər yaranır".
Onun fikrincə, bu problemin qarşısını almaq üçün demək olar ki, mövcud yol infrastrukturu bu problemlərin öhdəsindən gələcək səviyyədə deyil:
"Bununla bağlı dəfələrlə göstərişlər verilib, tədbirlər planı təsdiqlənib, müxtəlif addımlar atılması üçün komissiya yaradılıb, amma nəticə yoxdur. Bax belə bir vəziyyətdə desək ki, bunu tez bir zamanda həll etmək olarmı? Xeyr, olmaz, çünki bu illərlə ölkəmizdə yığılıb qalan problemlərdir ki, bunun da həlli üçün ya Bakını söküb ya təzədən tikmək lazımdır, ya da başqa cür, başqa bir paytaxt seçməliyik özümüzə.
Vaxtında məmurlar işlərini düzgün qurmayıblar, səhlənkarlıq eləyiblər, harda gəldi tikintiyə icazə veriblər, normallara uyğun tikililərə göz yumublar, normallara uyğun gəlməyən tikililərə göz yumublar və indi də belə bir vəziyyət yaranıb".
Ekspert bildirib ki, vətəndaşlar qəbul edilən qaydalara əməl etməlidir:
"Dediyim kimi, yəni problemlərin qarşısını almaq üçün dövlət proqramı qəbul olunmalıdır, ciddi şəkildə bir sənəd ortaya qoyulmalıdır və böyük vəsait ayrılmalıdır ki, bu problemlər kökündən həll olunsun. Çünki bəzi kanalizasiya sistemlərinin bəzi yerləri, bəzi nöqtələri belə səmimi şəkildə desək, bəlkə də 100 illik istismar dövrünü artıq başa vurub".
Sonda o bildirib ki, biz bu gün hələ də o sistemin üzərindəyik və ümidlə yanaşırıq ki, bu sistem bizi harasa aparacaq, ağ günə çıxaracaq:
"Xeyr, yəni bu çətin bir məsələdir, bu baş verməyəcək, bunu gözləməyə də dəyməz. Yəni bu işi ancaq özümüz görməliyik, özümüz bu infrastrukturu təzələməliyik. Təbii ki, bunun üçün də böyük bir söküntü işləri getməlidir, nə qədər vəsait xərclənməlidir. İndi dövlət bunu yəqin ki, nə vaxtsa edəcək".
Əlavə olaraq mövzu ilə bağlı vətəndaş Xədicə Abbasova bildirib ki, yağışlı havada nəqliyyatdan istifadə edərkən ən çox tıxac problemi ilə qarşılaşır:
"Xüsusilə səhər saatlarında güclü yağış yağanda avtomobillərin hərəkəti xeyli ləngiyir. Bu da dərsə vaxtında çatmağımıza mane olur. Bəzən adi havada 20 dəqiqəyə qət etdiyimiz məsafəni yağışlı havada iki dəfə artıq vaxta gedirik. Düşünürəm ki, problemin əsas səbəblərindən biri bəzi ərazilərdə yağış sularının düzgün axıdılmaması və yolların vəziyyətidir. Bunun üçün yol infrastrukturu təkmilləşdirilməli, drenaj sistemlərinə xüsusi diqqət yetirilməlidir".
Digər bir vətəndaş Ayşə Müzəfərli bildirib ki, mən isə yağışlı havada daha çox ictimai nəqliyyatdan istifadə zamanı çətinlik yaşayıram:
"Belə havalarda avtobuslarda sərnişin sıxlığı artır, dayanacaqlarda gözləmə müddəti uzanır. Buna görə də mümkün olduqda metroya üstünlük verirəm. Digər tərəfdən, yağış piyadalar üçün də müəyyən təhlükələr yaradır. Sürüşkən yollar, su ilə örtülmüş piyada keçidləri və sürücülərin məhdud görünüş məsafəsi qəza riskini artırır. Hesab edirəm ki, yağışlı havalarda sürücülərə nəzarət gücləndirilməli, ictimai nəqliyyatın fəaliyyəti daha düzgün təşkil olunmalıdır".
Fatimə İbrahimova