Qohum evliliyi efirdə
22 oktyabr MTV-də efirə gedən "Toya gəlmişik" verilişində qohum evliliyini əks etdirən süjet yayımlanıb. Proqramda təkcə qohum evliliyinə yer verilməsi deyil, həm də aparıcının bunu bir neçə dəfə vurğulaması təəccüb doğurur.
Veriliş zamanı aparıcı dəfələrlə “qohumdurlar” ifadəsini işlədib, qadın “bacımdır”, kişi isə “bacanağımdır” deyə təqdim olunub. Hətta efirə çıxan nənə “bunların nənəsiyəm”, baba isə “ikisi də mənim nəvəmdir” deyə bildirib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən yaxın qohumlar arasında evlilik qadağandır. Ailə Məcəlləsinin 12-ci maddəsinə görə, qardaş-bacı, ata-qız, ana-oğul və digər yaxın qohumlar arasında nikah bağlanması yolverilməzdir.
Vəkil Mehman Muradlı İnformator.az-a bildirib ki, qanunvericiliyə əsasən yaxın qohumlar arasında evlilik qadağan edilsə də, belə nikahların və ya onların təbliğatının qarşısını alan konkret məsuliyyət mexanizmi qanunvericilikdə nəzərdə tutulmayıb:
"Yəni, iki şəxs – qadın və kişi – nikahın rəsmiləşdirilməsi üçün qeydiyyat şöbəsinə müraciət etdikdə və müəyyən olunduqda ki, onlar yaxın qohumdurlar, bu halda onların nikahı qeydiyyata alınmır. Ancaq bu addıma görə hər hansı inzibati və ya cinayət məsuliyyəti mövcud deyil.
Məhz məsuliyyətin olmaması səbəbindən bu kimi hallardan suistifadə edənlər də az deyil. Bəzən belə münasibətlər cəmiyyətə, hətta televiziya və kütləvi informasiya vasitələri üzərindən dolayı yolla təbliğ olunur. Halbuki bu, sosial və tibbi baxımdan çox ciddi fəsadlara yol aça bilər. Məsuliyyətin yalnız “nikahın qeydiyyata alınmaması” ilə məhdudlaşmaması vacibdir. Ən azı inzibati məsuliyyət forması tətbiq olunmalıdır ki, yaxın qohumlar arasında nikah bağlamağa və ya onun təbliğinə cəhd edən şəxslər cərimə və ya digər tədbirlərlə qarşılaşsınlar. Belə bir mexanizm tətbiq edildiyi halda, yaxın qohumlar arasında nikah hallarının da əhəmiyyətli dərəcədə azalacağı və cəmiyyətin bu məsələyə daha məsuliyyətli yanaşacağı düşünülür".
Eyni zamanda Audiovizual Şuradan məsələyə münasibət bildirilib:
"Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinq nəticəsində "MTV" televiziya kanalının efirində 22 oktyabr 2025-ci il tarixdə saat 20.31-21.24 arası yayımlanan "Toya gəlmişik" proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 9.3-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunmuşdur.
Belə ki, həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.4-cü maddəsinə əsasən ailə institutunu nüfuzdan salan informasiya olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir və yayımına məhdudiyyət qoyulur.
Bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunmuşdu. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilmişdi.
Təəssüflə qeyd olunmalıdır, həmin haldan bir neçə gün sonra "MTV" kanalında yuxarıda qeyd olunan pozuntu halı baş vermişdir. Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə 24 oktyabr 2025-ci il tarixində "MTV" kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilmiş, pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, digər yayımçılara tətbiq olunmuş sanksiyaların səbəbi olmuş pozuntuların baş verməməsi üçün redaksiya nəzarətini gücləndirməyə çağırır".
Aynur Babazadə