Qorxunun iki üzü: qoruyucu instinkt və psixoloji risk
Qorxu hissi insan psixikasının ən təbii emosiyalarından biridir və əsas məqsədi insanı təhlükədən qorumaqdır. Lakin bu hiss nəzarətsiz olduqda psixoloji gərginliyə və davranış problemlərinə səbəb ola bilər.
Mövzuya psixoloq Zeynəb Əyyubova aydınlıq gətirib. O, "İnformator.az"a açıqlamasında bildirib ki, qorxu hissi davamlı, səbəbsiz və ya həddindən artıq gücləndikdə psixoloji sağlamlığa mənfi təsir göstərməyə başlayır:
"Qorxu hissi insan psixikasının ayrılmaz və funksional hissəsidir. O, təkcə mənfi emosional təcrübə deyil, eyni zamanda həyati əhəmiyyət daşıyan qoruyucu mexanizmdir. İnsan təhlükə ilə üzləşdiyi zaman qorxu beynin xəbərdarlıq siqnalı kimi işləyir, diqqəti artırır, refleksləri sürətləndirir və düzgün qərar verməyə kömək edir. Məsələn, real təhlükə zamanı ehtiyatlı davranmaq, riskli situasiyadan uzaqlaşmaq və ya özünü qorumaq qorxunun sağlam funksiyasının nəticəsidir. Lakin qorxu hissi davamlı, səbəbsiz və ya həddindən artıq gücləndikdə psixoloji sağlamlığa mənfi təsir göstərməyə başlayır. Belə hallarda insan daim gərginlik içində olur, diqqət və yaddaş zəifləyir, yuxu pozuntuları, əsəbilik, panik reaksiyalar və özünə inamsızlıq yarana bilər. Uzunmüddətli və nəzarətsiz qorxu təşviş pozuntularına, fobiyalara və depressiv hallara zəmin yaradır. Bu zaman qorxu artıq qoruyucu deyil, insanın gündəlik həyat keyfiyyətini azaldan amilə çevrilir. Qorxu ilə təşviş arasında əsas fərq onların mənbəyində və zaman hissindədir. Qorxu adətən real və konkret təhlükə ilə əlaqəli olur və təhlükə aradan qalxdıqda zəifləyir. Təşviş isə çox vaxt qeyri-müəyyən, gələcək yönümlü və davamlı narahatlıq hissidir. İnsan təhlükə olmasa belə, “nəsə pis olacaq” düşüncəsi ilə gərgin qalır. Bu səbəbdən təşviş daha uzunmüddətli psixoloji yük yaradır. Qorxunu sağlam şəkildə idarə etmək mümkündür və bu bacarıq psixoloji rifah üçün vacibdir. İlk növbədə insan qorxusunu tanımalı və onu inkar etməməlidir. Nəfəs məşqləri, relaksasiya texnikaları və bədənlə əlaqəni gücləndirən üsullar emosional gərginliyi azaltmağa kömək edir. Düşüncələrin rasional şəkildə yenidən qiymətləndirilməsi, yəni təhlükəni şişirtmədən real ölçüdə dərk etmək də mühüm rol oynayır. Bundan əlavə, mərhələli şəkildə qorxu yaradan situasiyalarla üzləşmək və peşəkar psixoloq dəstəyi almaq qorxunun idarəolunan hala gəlməsini təmin edir. Nəticə etibarilə, qorxu nə tamamilə mənfi, nə də tamamilə müsbət emosiyadır. O, balanslı olduqda insanı qoruyur, nəzarətsiz olduqda isə psixoloji çətinliklər yaradır. Əsas məqsəd qorxunu aradan qaldırmaq deyil, onu düzgün anlamaq və idarə etməyi öyrənməkdir".
Səmayə Səftərova
