00:00:00
Yazar
Elmira Ağayeva
14.09.2026 22:35 102 1 dəq oxuma
Sosial

Qrant müsabiqəsinin qalibləri ilə görüş

Qrant müsabiqəsinin qalibləri ilə görüş

 

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib.

Görüşdə Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev qalibləri təbrik edib. O, layihələrin gənclərin yeni bilik və bacarıqlarının formalaşdırılmasına, ictimai fəallığının artırılmasına və inkişaf imkanlarının genişləndirilməsinə töhfə verəcəyini bildirib.

Yusif Vəliyev layihələrin icrası zamanı müasir yanaşmaların tətbiqinin, innovativ ideyaların təşviqinin, gənclərin təşəbbüskarlığının dəstəklənməsinin və əldə olunan nəticələrin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıb.

Görüşdə layihələrin səmərəli və nəticəyönümlü icrası, qrant vəsaitlərindən məqsədyönlü istifadə, həmçinin paytaxt və regionlarda daha geniş gənc auditoriyasının əhatə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra qaliblərə qrant müqavilələrinin bağlanılması, layihələrin icrası zamanı maliyyə və təsviri hesabatların hazırlanması və təqdim edilməsi qaydaları, eləcə də digər təşkilati məsələlər barədə məlumat verilib. İştirakçıların sualları cavablandırılıb.


Qrant müsabiqəsinin əsas məqsədi gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviq olunması, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsidir.

Müsabiqə çərçivəsində Gənclər Fondunun Müşahidə Şurasının qərarına əsasən 52-si yerli, 3-ü beynəlxalq olmaqla 55 gənclər təşkilatının, eləcə də 84 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Elmira Ağayeva

#xəbər #baki #qrant #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər