00:00:00
Yazar
Admin User
15.08.2023 12:12 755 5 dəq oxuma
Sosial

“QƏRBİ AZƏRBAYCANLILARIN TÜRKİYƏ KÖÇÜ” SİLSİLƏ OLMALIDIR

“QƏRBİ AZƏRBAYCANLILARIN TÜRKİYƏ KÖÇÜ” SİLSİLƏ OLMALIDIR

   İllərlə torpaq həsrəti çəkən Qərbi Azərbaycandan olan vətəndaşlarımızın keçmiş xatirələrini yada salan, ürək dağlayan hekayələrini yenidən alovlandıran “Qərbi Azərbaycanlıların Türkiyə köçü” sənədli filmi gündəmi silkələdi desək, yanılmarıq. Qərbi azərbaycanlılar sosial şəbəkələrdə hələ filmin anonsu verilən andan etibarən bu mövzuya müraciət etdiyinə görə müəllif Almaz Mahmuda təşəkkür etdilər. Hətta israrla bu mövzuda silsilə sənədli filmlər arzulayanlar, ideya verənlər də oldu.

   Bəs bu kimi filmlərinin çəkilməyinə zərurət varmı? Bənzər filmlər Qərbi Azərbaycanla bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında nə kimi rol oynayır? Bu suallarla Qərbi Azərbaycandan olan soydaşlarımıza müraciət etdik. İlk müsahibimiz BDU jurnalistika fakültəsinin müəllimi, ATV Plus televiziya operatorunun bədii rəhbəri Nəmənd Rüstəmovdur. Nəmənd Rüstəmovun fikrincə, Qərbi Azərbaycanda doğulan və həmvətənlərimizin deportasiya edildiyi yerlərdən bəhs edən filmlər daha çox çəkilməlidir. “Tək 1988-ci ildə deyil, 1905, 1918, 1948-1953, 1988-1990-cı illərdə də bənzər köçlər baş verib. Uşaq ikən, Sovet İttifaqının balaca sakini kimi əslən Zəngəzurdan olan ulu nənəmin bizə danışdıqlarına nağıl, fantaziya kimi qulaq asırdım. 1988-ci ildə Qərbi Azərbaycandan didərgin salınanda, 1990-cı illərdə Qarabağ hadisələrini gözümlə gördükdə, təəssüf ki, bunların, əslində, acı gerçək olduğunun şahidi oldum” deyir müsahibimiz. “Atamın nənəsi, mənimsə ulu nənəm Mürvət Əmiralıyevanın (Ağarzayevanın) dediyinə görə, o hələ 1905-ci ildə uşaqkən erməni daşnaklarının hücumu ilə öz yurdlarından didərgin salınıb İrana qaçmağa məcbur olub. Onlar bir neçə il sonra Naxçıvana, daha sonra isə yenidən Dərələyəz mahalına, Əzizbəyov rayonunun Terp (Saravan) kəndinə qayıtsalar da, 1988-ci il hadisələrində növbəti dəfə Azərbaycana deportsiya olunmaq kimi çətin bir ömür yaşayıb”. Nəmənd Rüstəmovun fikrincə, “Qərbi Azərbaycanlıların Türkiyə köçü” sənədli filmi və buna bənzər filmlərdə həmin acı yaddaş təzələnir, vərəqlənir, bənzər filmlər bu hadisələrdən xəbərsiz olanları və ya bu dəhşət dolu keçmişi unutmuş kəsləri o dövrə xəyali geridönüş etdirir.. ““Qərbi Azərbaycanlıların Türkiyə köçü” nəinki dünyaya yayılmalıdır, hətta silsilə kimi 1905-ci il köçlərindən, 1915-1918-ci il köçlərindən, 1948 və 1950-lərdə, 1988-də olan köçlərdən sənədli filmlər çəkilməlidir. Hər birindən ayrı-ayrı tarixi sübutlarla zəngin filmlər çəkib dünyaya yaymalıyıq, qaçqın, didərgin düşmüş azərbaycanlıların Qərbi Azərbaycana dönüşü üçün bu cür filmlərin müstəsna xidməti ola bilər”.

   Müsahibimizin sözlərinə görə, gələcəkdə həmin torpaqların bizim olduğunu ermənilərə bildirməyimiz üçün faktoloji və hüquqi bazamız olmalıdır. “Mən şəxsən Dərələyəz mahalında doğulmuşam, 1988-ci il deportasiyasına məruz qalmışıq. Uzun bir zaman keçib. Ata-babam, nənəm, əmilərim, digər qohumlarım dünyasını dəyişib, təbii ki burada övladlarımız da dünyaya gəlib. O acı tarix barədə ən azı öz ailə üzvlərimizə davamlı bilgilər veririk. Bilirəm ki, unutqanlıq etsək, növbəti 20-30 il ərzində xislətinə, mahiyyətinə bələd olduğumuz erməniyə və havadarlarına sübut edə bilməyəciyik ki, o yerlər, o ellər bizim olub. Orda bizim qaçqın obamız, məzarlarımız, ocaqlarımız qalıb. İndi bənzər hadisələrlə bağlı sürətli sənədləşmə olmalıdır ki, biz lazımi instansiyalarda nələrisə isbatlamağa çalışdıqda əlimizdə kiminsə, ilk növbədə ermənilərin təkzib edə bilməyəcəyi sənədlərə əsaslanan tutarlı faktoloji baza olsun”. Nəmənd müəllim Dərələyəzə, öz kəndinə qayıtmağı səbirsizliklə gözləyir. Bunun üçün isə ilk növbədə beynəlxalq zəmanət, hüquqi baza və təbii ki münbit şərait lazım olduğunu deyən müsahibimiz AZTV-nin ərsəyə gətirdiyi filmin və digər bənzər filmlərin bu baxımdan böyük əhəmiyyətini vurğulayır. Nəmənd Rüstəmov “Qərbi Azərbaycanlıların Türkiyə köçü” sənədlinin filminin xarici dillərə tərcümə edilərək bütün sosial şəbəkələrdə yayılmasını istəyir.

   Əslən Qərbi Azərbaycandan olan Azərbaycan Televiziyası İctimai-siyasi Proqramlar Studiyası direktorunun müavini , “Əsas məsələ” verilişinin aparıcısı  Ətayə Ələmdarqızı isə deyir ki, Azərbaycan televiziyası bu sahədə çox təşəbbüskardır. “Biz burada ermənilərə qarşı ərazi iddiası ilə çıxış etmirik, bunu dövlət başçımız da dəfələrlə vurğulayıb. Bizim hədəfimiz haqqımızı tələb etmək, soydaşlarımızın hüquqlarını tələb etmək, orada bizim babalarımızın, ulu babalarımızın qəbirləri var, bizə məxsus tarixi abidələr var. Qərbi azərbaycanlılarla bağlı həqiqətlərin dünyaya çatdırılması bu gün dövlət olaraq, xalq olaraq, media olaraq ən əsas vəzifələrdən biridir”. Ətayə Abbasovanın sözlərinə görə, 30 il ərzində Qarabağ həqiqətləri həm media, həm televiziya, həm də bütün mümkün mövqelərdən dünyaya çatdırıldı. İndi isə hədəf Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. “Biz faktlarla danışırıq, həqiqətlə danışırıq. Bir Qərbi azərbaycanlı kimi demək istəyirəm ki, bizim burada arzularımız yarımçıq qalıb, həmkarım Almaz Mahmudun AzTv xətti ilə Türkiyədə məskunlaşan Qərbi azərbaycanlıların taleyi ilə bağlı “Qərbi Azərbaycanlıların Türkiyə köçü” adlı sənədli filmini bütün soydaşlarımız, dünya azərbaycanlıları çox böyük maraqla qarşıladilar. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu kimi filmlərin, reportajların, ictimai-siyasi top-şouların misilsiz xidməti var”. Müsahibimizin sözlərinə görə, Qərbi Azərbaycana qayıtmaq Qərbi azərbaycanlıların hüququdur. Qərbi Azərbaycandan danışarkən 10 il öncə atasını itirən Ətayə xanımın ürəyində iz qoyan, heç bir zaman silinməyən atası, əslən olan yurdu ilə bağlı xatirələrində toxunduq. Həmin xatirənin Ətayə xanıma nə dərəcədə təsir etdiyini, Ətayə xanım kimi anlamasaq da, hiss etməyə çalışdıq... “Bu acı xatirə mənim həyatımdan heç vaxt silinməyəcək. Mənim atam 10 il əvvəl dünyasını dəyişib və onun tək arzusu öz ata yurdumuza qayıtmaq idi, bir dəfə də olsa, həmin ərazilari ziyarət etmək. Onlar öz torpaqlarını “müqəddəs torpaq” adlandırırlar. Atam deyərdi ki, mənim ən böyük arzum o torpaqlara getmək idi, həmin müqəddəs torpaqlara.. Ondan sonra mən artıq dünyadan rahat köçə bilərəm”. Bəs həmin ərazilərə getmək həsrəti ürəyini dağlayan müsahibimizin atası təsəllini nədə tapıb? Ətayə xanım deyir ki, atası Türkiyəyə gedərək, Qarsı, Vanı gəzib, vətəninin sərhədinə yaxın ərazilərdən indiki Ermənistan ərazisina baxıb, vətəninin havasını ciyərlərinə çəkib. Oradan qayıdandan bir ay sonra isə dünyasını dəyişib. “Mən xəyalən Qərbi Azərbaycan torpaqlarına ayaq basıb qayıtdım” deyərək gözlərini bu dünyaya əbədi yumub. Həmkarlarının Bala Göyçədən Ətayə xanım üçün gətirdiyi torpağı o babasının, nənəsinin, atasının məzarına səpməklə təsəlli tapıb.

   Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti, media eksperti Vəfa İsgəndərova 44 günlük Vətən Müharibəsindən sonra Qərbi Azərbaycan torpaqlarının gündəmə gəlməsinə sevinir. Deyir ki, bu işdə başlıca rol oynayan amillər məhz sənədli filmlər, reportajlardır. ““Qərbi Azərbaycanlıların Türkiyə köçü” adlı sənədli film kimi televiziya məhsullarının hazırlanmasına böyük zərurət var, çünki media məhsulları ictimai fikrin formalaşmasına böyük təsir göstərir. Bu cür filmlər, reportajlar dünya dillərinə; ingilis, fransız, alman dillərinə və digər şərq dillərinə tərcümə olunmalıdır. Dünya ictimaiyyətinə çatdırılmalıdır. Burada həmin hadisələri yaşamış, həmin torpaqlarda uzun müddət fəaliyyət göstərmiş insanların həqiqətləri öz əksini tapır. Onlar bu hadisələrin canlı şahididirlər. Bu cür reportaj və filmlər dünya ictimaiyyətinin fikrini düzgün istiqamətdə yönəldə bilər”.Vəfa İsgəndərova bu məsələdə medianın rolunu xüsusilə qabardır. “Jurnalist olaraq, bu mövzuları araşdırmaq, reportajlar hazırlamaq bizim üçün də hər zaman ön planda olacaq, çünki Azərbaycanın hər bir qarış torpağı bizim üçün müqəddəsdir”.

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər