Qubada və Bakıda Türkiyə-Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
“Türkiyə ilə birgə yeni yaradılacaq müəssisələrdə təhsil alan tələbələr həm Azərbaycan, həm də Türkiyənin peşə diplomu ilə təmin olunacaq”.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Aytac İsmayılova bildirib ki, bu, sadəcə təhsil sahəsində addım deyil, həm də iqtisadi inteqrasiyanın keyfiyyətcə yeni mərhələsidir:
“Ən böyük qazancımız hər iki ölkənin əmək bazarında tanınan unifikasiya olunan kadrların yetişdirilməsi olacaq. Ortaq Türkiyə-Azərbaycan biznes subyektləri artıq vahid standartlara cavab verən ixtisaslı mütəxəssislər əldə edəcəklər. Məzunlar aldığı diplom və sertifikatla həm Azərbaycanda, həm də Türkiyədə rahatlıqla işlə təmin olunmaq imkanı qazanacaqlar.
Türkiyə peşə təhsilində sənaye ilə inteqrasiya olunan çox uğurlu “Dual təhsil” modelinə sahibdir. Yəni tələbə nəzəriyyəni müəssisədə öyrənirsə, təcrübəni birbaşa real fabrik və zavodlarda keçir. Bu modelin ölkəmizə gəlişi ilə tədris köhnəlmiş texnikalarla deyil, müasir laboratoriyalar, CNC dəzgahları və rəqəmsal avadanlıqlarla aparılacaq. Ən əsası, tədris proqramları sənayenin anlıq tələblərinə uyğun olaraq çevik şəkildə yenilənəcək.
Bəli, tam əminliklə demək olar ki, peşə təhsilinə marağı artıracaq. İllərdir cəmiyyətdə “peşə təhsili ikinci dərəcəlidir” kimi yanlış bir stereotip var idi. Qubada beynəlxalq standartlı belə bir müəssisənin qurulması bu yanaşmanı kökündən dəyişəcək. Regional mərkəz gənclərin Bakıya axınının qarşısını alacaq, onlara öz bölgələrində - xüsusən turizm, emal sənayesi və aqrar sahədə - müasir peşəyə yiyələnib yüksək məvacibli iş tapmaq imkanı verəcək. Məzun olan ilk gənclərin uğuru regiondakı digər məktəblilər üçün ən böyük motivasiya olacaq”.
Səadət Əlizadə