00:00:00
Yazar
Admin User
25.10.2023 11:40 412 2 dəq oxuma
Sosial

Qubadlı şəhərinin işğaldan azad olunmasından 3 il ötür

Qubadlı şəhərinin işğaldan azad olunmasından 3 il ötür

Qədim Azərbaycan diyarı olan Zəngəzur bölgəsinin Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub.

 

İşğal nəticəsində rayonun 30 min sakini məcburi köçkün düşərək respublikamızın müxtəlif şəhər və kəndlərində məskunlaşdırılıb. Rayon ərazisində mövcud olan 7278 fərdi yaşayış evi, 7 məscid, çox sayda sosial obyektlər, körpülər, kənd təsərrüfatı obyektləri ermənilər tərəfindən tamamilə dağıdılıb.

 

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşib faydalı qazıntılarla zəngindir. Qubadlı rayonu Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan rayonları, eləcə də 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisinin əksər hissəsi dağlıqdır.

 

Rayonun kəndlərinin əksər hissəsi Həkəri və Bərguşad çayları ətrafında yerləşir. Qubadlı rayonunun torpaqları çox münbit və məhsuldardır. Rayonda 79812 hektar torpaq fondu mövcud olmuşdur. Rayonun ərazisi təbii dərman bitkiləri ilə zəngindir. Qubadlı rayonunun kəndlərində mərmərləşmiş əhəng daşı və bir çox qiymətli yataqlar mövcud olub.

 

İşğal dövründə Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri Qubadlı rayonunun Xanlıq kəndində qeyri-qanuni məskunlaşdırıb. Cenevrə Konvensiyasına görə işğal edilən ərazilərdə qanunsuz məskunlaşdırma aparan ölkə cinayət törədən hesab olunur.

 

Qubadlı ərazisində Ermənistan ordusu güclü istehkamlar qurub. Rayonu işğaldan azad etmək uğrunda Azərbaycan Ordusu xüsusi qəhrəmanlıq göstərib. Düşmən yüksəkliklərdə istehkam quraraq, Azərbaycan hərbiçilərini atəş altında saxlayırdı.

 

Azərbaycan Ordusu ilk olaraq yüksəklikdə yerləşən erməni ordusunun hərbi texnikalarını və canlı qüvvələrini məhv edərək hakim yüksəklikləri ələ keçirdi. Azərbaycan Ordusunun zabit və əsgərlərinin peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi və şəhər tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçdi. Noyabrın 9-na dək Qubadlı şəhəri də daxil olmaqla 41 kəndi işğaldan azad edildi.

 

2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis olundu. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu "Qubadlının azad edilməsinə görə"medalı ilə təltif edilib.

 

Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub.

 

Bu gün Zəngilandan Qubadlıya, Laçına ən müasir tələblərə uyğun yollar çəkilir. Müharibə bitdikdən dərhal sonra Prezident cənab İlham Əliyev bir neçə dəfə Qubadlıya səfərlər edib, burada rayon ictimaiyyəti ilə görüş keçirib və "Qubadlı" yarımstansiyasının, eləcə də Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib.

 

Cari ilin 4 may tarixində Qubadlıya növbəti səfərində ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin, Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoyub. Bu gün Qubadlı şəhəri öz tarixi memarlıq üslubunu saxlamaqla dünya şəhərsalma prinsiplərinə uyğun müasir şəkildə yenidən qurulur.

 

Kamilə Əliyeva,

Milli Məclisin deputatı, professor

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər