Qurban Qurbanovun “Qarabağ”dan ayrılması real görünmür – EKSPERT
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bəzi məqamlarda klubdan ayrılmaq istədiyi bildirilib. Bu açıqlama komandanın uzun illərdir dəyişməz baş məşqçisi olan Qurban Qurbanovun gələcək taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Qurban Qurbanovun “Qarabağ”dan yaxın zamanda ayrılma ehtimalı çox real görünmür:
“Buna bir səbəb və ehtiyac da yoxdur. Komandada uzun illərdir ardıcıl, böyük qələbələr və uğurlar qazanır, komandada tarix yazır. Qurban Qurbanov qələbələrin, həm də onun əsəridir, baş əsəridir. Hazırda komandada, məsələn, bu il avrokuboklara keçmədiyi üçün komandadan baş məşqçinin ayrılmasına ehtiyac yoxdur. Onlar özlərindən sonra qurduqları sistemi qoyub gedirlər. O sistemi dağıtmayacaq birinin tapılması bir qədər çətin olur. Çünki belə nümunələr də var, məsələn, “Mançester Yunayted”də ser Aleks Ferqyusonu misal göstərmək olar. Ondan sonra komanda hələ də müəyyən uğurlar qazanırdı, müəyyən mərhələlərdə müəyyən uğurlar olurdu. Amma həmin dövrə, həmin məsələlərə qayıtmaq bir qədər çətin olur. “Qarabağ”da isə belə bir məsələ var ki, “Qarabağ” Azərbaycan səviyyəsində fərqlənir və orada, yəni “Qarabağ”ın resursları klub olaraq formalaşmış olması, öz resurslarının doğru yönəldilərək istifadə olunması, onun Azərbaycan səviyyəsində müəyyən uğurları yenidən qazanmaq ehtimalını artırır”.
Ekspert həmçinin bunu da qeyd edib ki, Qurban Qurbanov uzun illərdən sonra komandadan ayrılarsa, müəyyən müddət çətinliklər yarana bilər:
“ “Qarabağ” klubunda sistem formalaşdığına görə, klub beynəlxalq səviyyədə özünü sübut etməyə görə də təşkilati məsələlərdə, klub olaraq artıq yetkinləşdiyinə görə düşünürəm ki, qısa müddətdə bu problemi həll edə bilər. Yəni, məşqçilərin gəlişi-gedişi normal bir şeydir. Nə qədər güclü, böyük məşqçilər olsalar belə, məşqçilərin gəlişi-gedişi normal bir şeydir və hər bir klub buna hazır olmalıdır”.
Güllər Gülhüseynova