Qurbanovdan “Qarabağ”-“Kopenhagen” oyunu ilə bağlı açıqlama
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib ki, "Qarabağ"ın böyük turnirdə iştirak etməsi sevindirici haldır.
Təcrübəli mütəxəssis Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu matça məsuliyyətli yanaşırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Kopenhagen" ciddi rəqibdir".
Baş məşqçi "Qarabağ"a Avropa futbolunda diqqətin olmasına görə sevindiyini vurğulayıb:
"Qalibiyyət futbolumuzu daha da sevdirir. Oyunçulara inam verir. Bu sahəyə yatırım qoymaq insanlara həvəs verir. Futbol idmanın şahıdır. Ölkəmizin tanınmasında az da olsa, pay sahibi oluruq. Belə olan halda məsuliyyət daha da çoxalır. Azarkeşlərimiz matçlara ümidlə gəlirlər. Biz də bunu dərk edirik. Furbolçuda həyəcan olursa, bunun arxasında məsuliyyət dayanır. İdman elə şeydir ki, işin içinə girəndə qorxu və həyəcan yox olur. Bunu dərk edərək meydana çıxmaq lazımdır. 90 dəqiqə həyəcanın olması problemdir. Bizdə belə hal yoxdur”.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, komanda ilk 20 dəqiqədə qol buraxmadan davam etməyi bacarsa, qalibiyyətdən söz açmaq olar:
“Püşkatmadan sonra, demək olar ki, hər kəs 8 oyun arasında ən çox “Kopenhagen”lə görüşdə “Qarabağ” kollektivinin 3 xal qazanacağını söyləyirdi. Əlbəttə ki, “Benfika” zəfəri bu fikirləri müəyyən qədər dəyişib və ya qüvvətləndirib. Bunu hər iki komandaya şamil etmək olar. Portuqaliyada əldə olunan qələbə şübhəsiz ki, Ağdam təmsilçisinə əlavə məsuliyyət yükləyib. Məsuliyyət də həyəcanın carçısıdır. “Qarabağ” ilk 20 dəqiqədə bu həyəcanı qol buraxmadan boğa bilsə, qalibiyyətdən bəhs edə bilərik. Danimarka kollektivi isə, yəqin ki, 8 il əvvəlki məğlubiyyətin acısını çıxmaq və hazırki vəziyyətdən maksimum istifadə etmək üçün Bakıya gəlir. Yekunda şansları bərabər sayıram, amma ümid edirəm ki, “kəhər atlar” növbəti 3 xalı hesabına əlavə edəcək.
Cari mövsümün əvvəlində də olduğu kimi “Qarabağ”ın zəif nöqtəsinin müdafiə xəttinin olduğunu düşünürəm. “Kopenhagen” Qurban Qurbanovun da söylədiyi kimi əks hücumlarda qol axtaran klublardandır. Lakin “Qarabağ”ın bu il avrokukoklarda əkshücumlardan atdığı qol sayı rəqibə nisbətdə daha çoxdur. Bu da onu deməyə əsas verir ki, açıq futbola şahidlik edə bilərik”.
Ceyhun Məmmədov qeyd edib ki, Qurbanovun “futbol ölkənin tanınmasında pay sahibidir” fikri tamamilə doğrudur:
“Qurban Qurbanovun sözləri ilə tamamilə razıyam. “Qarabağ” ölkə futbolunu çiyinlərində daşımaqla yanaşı, Azərbaycanın tanınmasında da əvəzsiz rola malikdir. Biz bunu elə “Benfika” səfərində əldə olunan qalibiyyətdən sonra dünya mediasında dərc edilən məqalələrdə gördük”.

Lalə Qurbanlı
