00:00:00
Yazar
Aise Mustafayeva
03.09.2026 23:08 60 4 dəq oxuma
Gündəm

Quterreş-Tramp görüşü: ABŞ-BMT münasibətlərində dəyişiklik gözlənilir

 

Quterreş-Tramp görüşü: ABŞ-BMT münasibətlərində dəyişiklik gözlənilir

BMT-nin Baş katibi Antonio Quterreşin sentyabrın sonunda ABŞ Prezidenti Donald Trampla görüşəcəyi gözlənilir.

 

BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib ki, görüş hələ rəsmi olaraq planlaşdırılmayıb. Lakin onun baş tutacağına şübhə yoxdur. Görüşün ənənəvi olaraq BMT Baş Assambleyasının ümumi müzakirələrinin ilk günü keçirildiyi qeyd olunub.

 

 

BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri sentyabrın 22-26-da və 28-də keçiriləcək.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, ABŞ BMT-nin üzvü olmaqla yanaşı, təşkilatın maliyyə baxımından ən böyük sponsorlarından biridir:

 

 

“Lakin xüsusilə son bir neçə ildə BMT ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə ciddi problemlər və boşluqlar yaranmaqdadır. Təsadüfi deyil ki, Amerika BMT-nin bir neçə nüfuzlu qurumunda fəaliyyətini dayandırıb. O cümlədən BMT-nin İnsan Hüquqları Şurasında, səhiyyə məsələləri ilə bağlı qurumlarında və digərlərində Amerikanın fəaliyyətinin dayandırılması faktı var. Eyni zamanda, Amerika artıq iki ildən çoxdur ki, BMT-yə olan üzvlük haqqını belə ödəmir və bəzi məlumatlara görə, Amerikanın BMT-yə təkcə üzvlük haqqından 5 milyard dollardan artıq borcu əmələ gəlib”.

 

 

A.Quliyev hesab edir ki, belə bir şəraitdə BMT Baş katibi ilə ABŞ Prezidentinin görüşündən əsas gözləntilərdən biri iki tərəf arasındakı münasibətlərdə müəyyən dəyişikliklərin baş verməsidir:

 

 

“Amma sözün açığını deyim ki, mən Quterreşlə Trampın görüşündən sonra Amerika-BMT münasibətlərində hansısa dəyişikliyin yaranacağını az gözləyirəm. Baxmayaraq ki, BMT ilə Amerikanın münasibətlərinin yumşalması bu təşkilatın dünyadakı nüfuzunun və imicinin xeyli dərəcədə dəyişməsinə səbəb ola bilər”.

 

 

Siyasi şərhçinin sözlərinə görə, BMT-nin dünyada nüfuzunu itirməsində ABŞ-nin də böyük məsuliyyəti var:

 

“Unutmayaq ki, BMT-nin yarandığı dövrdən bu yana dünyada nüfuzunu sürətlə itirməsində Amerika Birləşmiş Ştatlarının böyük məsuliyyəti var. Çünki bu dövlət BMT-nin ərazisində yerləşməsi, ən böyük sponsoru və siyasi-hərbi himayəçisi olması səbəbindən təşkilatı müəyyən ikili standart siyasətlərə məhz elə Amerika məcbur edib”.

 

 

O qeyd edib ki, xüsusilə Yaxın Şərq probleminin həll olunmamasında və BMT-nin İsrail-Fələstin münasibətlərinə dair qəbul etdiyi qərarların icra edilməməsində ABŞ-nin böyük məsuliyyəti var:

 

 

“Əgər Amerika bu qətnamələrin müzakirəsində, qəbulunda və icrasında maraqlı olmuş olsaydı, çoxdan məsələlər həllini tapmış olardı. Xüsusilə, 1947-ci ildə Fələstin dövlətinin yaranması ilə bağlı BMT qətnaməsinin bu günə qədər tam icra edilməməsi və Fələstin dövlətinin yaradılmaması BMT-nin ağır məsuliyyətidir ki, bu məsuliyyətin böyük bir hissəsi də məhz Amerikanın üzərinə düşür”.

 

 

A.Quliyev ABŞ ilə BMT arasında fikir ayrılıqlarının iqlim məsələlərində də özünü göstərdiyini bildirib:

 

 

“BMT-nin bu gün dünya üçün çox ciddi problem saydığı iqlim məsələləri ilə bağlı siyasətinə, təəssüf ki, Amerikadan nəinki dəstək görmürük, hətta Trampın hakimiyyəti dövründə BMT-nin iqlim dəyişmələri ilə bağlı kursuna Amerikadan açıq-aşkar maneçiliklər görürük. Məsələn, Tramp hakimiyyətə gələndən sonra BMT-nin iqlim dəyişikliyinə qarşı kursuna açıq şəkildə müqavimət göstərdi və dünya dövlətlərini ənənəvi qazıntı yanacaqlarından imtina etməməyə çağırıb”.

 

 

Ekspertin sözlərinə görə, ABŞ-nin BMT-nin qlobal layihələrində fəal iştirak etməməsi təşkilat üçün ciddi problemlər yaradır:

 

 

“Buna görə də BMT-nin bu gün dünyada həm nüfuzunun bərpasında, həm də qlobal layihələrin həyata keçirilməsində Amerikanın aktiv iştirak etməməsi BMT üçün ciddi problemlər yaradır. Təəssüf ki, bu gün Amerikanın Yaxın Şərqdə himayə etdiyi İsrail dövləti hətta BMT-nin Baş katibini öz ərazisində persona non qrata elan edir və Amerika, təəssüf ki, buna heç bir reaksiya vermir”.

 

 

Siyasi şərhçi bildirib ki, ABŞ-nin Yaxın Şərq siyasəti və BMT-nin bu məsələlərə münasibəti təşkilatın nüfuzuna mənfi təsir göstərir:

 

 

“Tramp dövlətlərin suveren hüquqlarına qarşı açıq şəkildə qəsd edərək onlara qarşı ərazi iddiaları ilə çıxış edirsə, BMT buna lazımi müqaviməti göstərmir. Çox təəssüflər olsun ki, İsrail Yaxın Şərqdə dövlətlərin bir çoxunun mövqeyinə görə genosid siyasəti apardığı halda BMT buna lazımi reaksiyanı verə bilmir və bu işdə BMT-nin qarşısında Amerika çox ciddi maneçilik rolunu oynayır”.

 

 

A.Quliyev hesab edir ki, BMT-nin dünyada nüfuzunun yüksəldilməsi üçün ilk növbədə təşkilatla ABŞ arasında münasibətlər bərpa olunmalıdır:

 

 

“Ona görə BMT-nin dünyada nüfuzunun qaldırılması üçün birinci növbədə BMT ilə Amerikanın arasında münasibətlər bərpa olunmalıdır. Ancaq bu münasibətlərin Trampın Quterreşlə görüşündə öz həllini tapacağını, açığını deyim ki, gözləmirəm”.

 

 

Aişə Mustafayeva

#dəyişiklik #gündəm #xəbər #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər