Qəzza üzrə Sülh Şurası formalaşdırılır
ABŞ administrasiyası Qəzza üzrə yaradılması planlaşdırılan Sülh Şurasında daimi yer almaq istəyən ölkələrdən 1 milyard dollar ödəniş tələb edir. Layihə təxminən 60 ölkəyə göndərilib və daimi üzvlük üç ildən artıq müddəti əhatə edəcək.
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, Qəzza zolağı ilə bağlı yaradılan Sülh Şurası ABŞ prezidenti Donald Trampın bölgə ilə bağlı planının ikinci mərhələsidir. Bu mərhələ Qəzzada siyasi və hərbi proseslərin tamamlanmasından sonra quruculuq işlərinin başlanmasını nəzərdə tutur:
“Qəzza zolağında HƏMAS-ın hökuməti təhvil verməsi, təşkilatın tərksilah olunması və girovların qarşılıqlı qaytarılması növbəti mərhələyə - quruculuq prosesinə keçidi ifadə edir. Sülh Şurasının yaradılması həm siyasi baxımdan, həm də regionun bərpası və yenidən qurulması baxımından ikinci addımdır. Bu addımı atmaq üçün təminatçı ölkələr yardım ayırmalı, maliyyə vəsaiti cəlb etməlidir. Bir milyard dollar ilkin mərhələ üçün nəzərdə tutulur, lakin bu məbləğ gələcəkdə daha da arta bilər. Əsas məsələ başlanğıcın qoyulmasıdır. Qəzzada sülh prosesi formal xarakter daşımır və proses Trampın planına uyğun şəkildə icra olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da bu quruculuq prosesində iştirak etmək üçün üzvlük təklif edilib. Qəzza zolağı ilə bağlı aktiv mövqe sərgiləyən ölkələrin, o cümlədən ərəb dövlətlərinin və ayrı-ayrı şirkətlərin bölgənin bərpası üçün maliyyə vəsaiti ayırmasının vaxtıdır. Hesab etmirəm ki, bu addım hər hansı siyasi balansı dəyişsin. Çünki söhbət təminatçı ölkələrdən gedir. Bu ölkələrin bu işlərdə iştirakı beynəlxalq şəffaflığın təmin olunmasına şərait yarada bilər”.
Politoloq əlavə edib ki, indiki mərhələdə Qəzza zolağı beynəlxalq iştirak üçün daha açıqdır:
“Əvvəl bəzi ölkələr Qəzza zolağına daxil ola bilməmələrindən narazılıq edirdilər. Hazırda isə bölgə beynəlxalq iştirak üçün açıqdır və maraqlı tərəflər Qəzzanın dirçəldilməsi, eləcə də əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərə bilərlər. Bu proses gələcəkdə Fələstin dövlətinin möhkəmlənməsinə də töhfə verə bilər”.
Fatimə Hüseynli
