00:00:00
Yazar
Zəhra Həsənova
03.07.2026 22:02 57 3 dəq oxuma
Sosial

“Rəqəmsal axtarış sistemləri dövlətin vətəndaş qarşısında sosial məsuliyyətinin icrasına xidmət edir” - Naib Niftəliyev

“Rəqəmsal axtarış sistemləri dövlətin vətəndaş qarşısında sosial məsuliyyətinin icrasına xidmət edir” - Naib Niftəliyev

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu və vətəndaş müraciətlərinin elektron qaydada həyata keçirilməsi məqsədilə yeni Onlayn Sorğu Mərkəzini istifadəyə verib. Beynəlxalq əməkdaşlıq çərçivəsində yaradılan platforma itkin şəxslərlə bağlı məlumatların vahid elektron bazada toplanmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinə, müraciətlərin daha çevik araşdırılmasına və ailələrlə əlaqələrin rəqəmsal müstəvidə qurulmasına xidmət edəcək. Sistem vasitəsilə vətəndaşlar itkin şəxslər barədə məlumat təqdim edə, ehtimal olunan məzar yerlərini koordinatlarla göstərə, həmçinin foto və sənədləri elektron qaydada göndərə biləcəklər.

 

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, itkin düşən şəxslərlə bağlı rəqəmsal platformaların yaradılması müasir dövrün mühüm tələblərindən biridir. Rəqəmsallaşma həyatın bütün sahələrinə nüfuz edir və bu proses itkin düşmüş şəxslərlə bağlı məlumatların yenilənməsi, sistemləşdirilməsi, məlumat bazalarının formalaşdırılması, eləcə də həmin məlumatların aidiyyəti qurumlar və cəmiyyət üçün əlçatan olmasının təmin edilməsində xüsusi əhəmiyyət daşıyır:

 

“Rəqəmsallıq həyatın bütün sahələrini əhatə edir. İtkin düşən şəxslərlə bağlı məlumatların yenilənməsi, sistemləşdirilməsi və məlumat bazalarının yaradılması, həm aidiyyatı qurumların, həm də cəmiyyətin istifadəsinə açıq olması, bu məlumatların müasir texnologiyalara və yeni inkişaf edən intellektual sistemlərə inteqrasiyası olduqca vacib məsələdir. Məlumat mərkəzlərinin yaradılması da qaçılmaz prosesdir. Bu, həm sosioloji aspektdən, həm də sosial informasiya kontentinin tənzimlənməsi baxımından əhəmiyyətlidir. Bu sahədə bir neçə mühüm məqam var. Ən vacib məsələlərdən biri informasiyanın etibarlı və dəqiq mənbələr əsasında toplanmasıdır. Burada əsas məqsəd məlumatların dəqiqləşdirilməsi, araşdırılması və rəsmi mənbələr vasitəsilə təsdiqlənməsidir. Bu yanaşma həm informasiya mübarizəsində, həm də ictimai etimadın qorunmasında ciddi tənzimləyici amil kimi çıxış edir”.

 

Onun sözlərinə görə, operativlik vacib şərt olsa da, hər bir operativ məlumat mütləq şəkildə dəqiq və təsdiqlənmiş olmalıdır:

 

“Rəqəmsal sistemlər müəyyən məlumatların axtarışı və kontekstinin müəyyənləşdirilməsi baxımından böyük imkanlar yaradır. Lakin axtarış indikatorları və meyarları düzgün qurulmadıqda boşluqlar, yanlışlıqlar və səhv ümumiləşdirmələr yarana bilər. Buna görə də, bu məsələlərə son dərəcə diqqətlə yanaşmaq lazımdır. Beynəlxalq humanitar təşkilatların, o cümlədən aidiyyəti beynəlxalq qurumların fəaliyyəti bu sahədə mühüm əhəmiyyət kəsb edir. Burada adekvat əməkdaşlıq, qarşılıqlı informasiya mübadiləsi və məlumatların paylaşılması amilləri xüsusi nəzərə alınmalıdır. İtkin düşmüş şəxslərlə bağlı sabit və etibarlı informasiya bazasının formalaşdırılması, həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi və onların ailələrinin məlumatlandırılması mühüm humanitar əhəmiyyət daşıyır.
Əgər şəxs dünyasını dəyişibsə, onun dəfn olunduğu yerin müəyyənləşdirilməsi və ailəsinə məlumat verilməsi son dərəcə vacibdir. İnsanlar öz doğmalarının taleyini bilmək, onların məzarını ziyarət etmək istəyirlər və bu, tamamilə təbii bir istəkdir”.

 

Sosioloq əlavə edib ki, gələcəkdə foto, 3D, 5D və daha inkişaf etmiş rəqəmsal formatların tətbiqi də identifikasiya və məlumatlandırma proseslərinin effektivliyini artıra bilər:

 

“Rəqəmsal axtarış sistemləri və yeni platformalar dövlətin vətəndaş qarşısında sosial məsuliyyətinin icrasına xidmət edir. Dövlət itkin düşmüş şəxslərin ailələrinin yanında olduğunu nümayiş etdirir və bununla da vətəndaş-dövlət münasibətlərində etimad daha da möhkəmlənir. Heç bir cəmiyyət və dövlət müharibə və qarşıdurma istəmir, lakin ölkəyə qarşı təhdid və işğal olduğu halda dövlət öz vətəndaşlarını qorumaq üçün müvafiq addımlar atmağa məcburdur. Belə hallarda ən çox zərər çəkənlər öz iradəsindən asılı olmayaraq itkin düşən şəxslər olur. Əgər dövlət bu problemlərin həlli istiqamətində nəzarət mexanizmləri tətbiq edir və onları rəqəmsallaşdırırsa, bu, yalnız müsbət qiymətləndirilə bilər. Dövlətin əsir və itkin düşmüş vətəndaşlarla bağlı apardığı axtarış, monitorinq və beynəlxalq təşkilatlarla əməkdaşlıq fəaliyyəti vətəndaşlarda dövlətə olan etimadı daha da artırır. Bu zaman vətəndaşda belə bir inam formalaşır ki, dövlət onun yanındadır, onu dəstəkləyir və heç vaxt tək qoymur. Bu isə dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Vətəndaşların operativ, dəqiq və adekvat məlumatlandırılması sosial təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əgər dövlət qabaqlayıcı, proqnozlaşdırıcı və real məlumatlandırma sistemi qurursa və vətəndaşlarını vaxtında məlumatlandırırsa, bu, həm sosial təhlükəsizliyi gücləndirir, həm də vətəndaşların dövlətə bağlılığını və etimadını artırır. Bu, son dərəcə vacib və effektiv amildir”, - deyə Naib Niftəliyev fikrini yekunlaşdırıb.

 

Fatimə Hüseynli

#Dövlət #girov #itkin #qərar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər