Rəqəmsal dövrdə media etimadı: Birinci yaymaq, yoxsa doğru yaymaq?
Bu gün sosial şəbəkələr ən operativ xəbər mənbəyinə çevrilsə də, oradan götürülən məlumatların yoxlanılmadan tirajlanması ciddi dezinformasiya riski yaradır. Xüsusilə dəqiqləşdirilməmiş postların manşetə çıxarılması həm media etikasını, həm də oxucu etimadını sarsıdır.
Mövzu ilə bağlı media eksperti Səbinə İzzətli “İnformator.az”a açıqlamasında bildirib ki, sosial şəbəkədə yayılan hər paylaşım xəbər deyil. Paylaşımın çoxsaylı baxış, bəyənmə və ya şərh toplaması onun ictimai əhəmiyyətini, xüsusilə də doğruluğunu təsdiqləmir.
Onun sözlərinə görə, ən ciddi təhlükə təkcə yanlış məlumatın yayılması deyil, yanlış məlumatın etibarlı xəbər statusu qazanmasıdır. Sosial şəbəkədəki təsdiqlənməmiş iddia xəbər saytının manşetinə çıxarıldıqda auditoriya onu artıq jurnalist araşdırmasından keçmiş informasiya kimi qəbul edə bilər. Digər media qurumları da həmin xəbərə istinad etdikdə ilkin yanlış məlumatın mənbəyi arxa plana keçir və bir-birinə istinad edən nəşrlər süni təsdiq görüntüsü yaradır. Bu, informasiya mühitində dairəvi istinad (circular reporting) problemi kimi tanınır.
“Redaksiya yanlış məlumatın yayılmasının qarşısını hələ xəbər istehsalı mərhələsində almalıdır. Bunun üçün mənbələrin yoxlanılması, kontekstin bərpası, vizual materialların autentikliyinin müəyyənləşdirilməsi və başlıqların məzmunu təhrif etməməsi əsas redaksiya standartına çevrilməlidir.
Nəticə etibarilə, sürət uğrunda dəqiqlikdən imtina edən media qısamüddətli auditoriya diqqəti qazana bilər, amma uzunmüddətli perspektivdə ən qiymətli kapitalını, yəni ictimai etimadı itirmək riski ilə üzləşir”.
Ekspert hesab edir ki, müasir jurnalistikanın əsas rəqabəti xəbəri kimin birinci yaymasında deyil, kimin daha etibarlı təqdim etməsində olmalıdır.
Aysun Xəlilova