00:00:00
Yazar
Ayan Sədi
27.06.2026 20:08 39 2 dəq oxuma
Media

Rəqəmsal savadlılıq çağırışı: İnformasiya təhlükəsizliyi əsas prioritetdir

Rəqəmsal savadlılıq çağırışı: İnformasiya təhlükəsizliyi əsas prioritetdir

Azərbaycan Radiosunun direktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Billurə Aslanqızı “İnformator.az”a bildirib ki, rəqəmsal savadlılıq təkcə kompüterdən və ya smartfondan istifadə etmək bacarığı deyil:

 

“Bu, rəqəmsal mühitdə informasiyanı axtarmaq, onun etibarlılığını qiymətləndirmək, təhlükəsiz şəkildə istifadə etmək, yaratmaq və paylaşmaq bacarığıdır.

 

Müasir informasiya cəmiyyətində hər bir vətəndaşın rəqəmsal savadlı olması vacibdir. Çünki bu gün təhsil, media, dövlət xidmətləri, bank əməliyyatları, hətta gündəlik ünsiyyət belə rəqəmsal platformalar üzərindən həyata keçirilir. Rəqəmsal savadlılıq insanı dezinformasiyadan qoruyur, kibertəhlükəsizlik risklərini azaltmağa kömək edir və informasiya ilə məsuliyyətli davranış mədəniyyəti formalaşdırır”.

 

Həmçinin Billurə Aslanqızı bildirib ki, son illər ölkəmizdə rəqəmsal texnologiyalardan istifadə əhəmiyyətli dərəcədə artıb:

 

“İnsanlar elektron xidmətlərdən, sosial şəbəkələrdən və onlayn platformalardan fəal istifadə edirlər. Lakin texnologiyadan istifadə ilə rəqəmsal savadlılıq eyni anlayış deyil.

 

Müşahidələr göstərir ki, xüsusilə informasiya mənbələrinin yoxlanılması, saxta xəbərlərin tanınması, şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik sahəsində maarifləndirməyə hələ də ciddi ehtiyac var. Buna görə də rəqəmsal savadlılığın artırılması həm təhsil müəssisələrinin, həm medianın, həm də dövlət qurumlarının birgə fəaliyyətini tələb edir”.

 

Eyni zamanda müsahibimiz bildirib ki, media nümayəndələri cəmiyyətə informasiya ötürən əsas peşə qruplarından biridir:

 

“Buna görə də onların informasiya təhlükəsizliyinə yanaşması xüsusilə məsuliyyətli olmalıdır.

 

İlk növbədə, hər bir məlumat dərc edilməzdən əvvəl bir neçə etibarlı mənbə ilə yoxlanılmalıdır. Şəxsi məlumatların qorunması, mənbələrin məxfiliyinin təmin edilməsi, kibertəhlükəsizlik qaydalarına əməl olunması və peşə etikası prinsiplərinin gözlənilməsi əsas şərtlərdəndir.

 

Bundan əlavə, media əməkdaşları dezinformasiyanın yayılmasına qarşı həssas olmalı, süni intellekt vasitəsilə hazırlanmış saxta foto, video və mətnlərin aşkarlanması istiqamətində də biliklərini daim yeniləməlidirlər.

 

Bu gün media savadlılığı və informasiya təhlükəsizliyi jurnalist peşəkarlığının ayrılmaz tərkib hissəsinə çevrilib”.

 

Nigar Həsənzadə

#azərbaycan #deyil" #gündəm #baki #istifadə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər