Rəqəmsal texnologiyalar Azərbaycan təhsilini dəyişir
Rəqəmsal texnologiyaların Azərbaycan təhsil sisteminə inteqrasiyası təlim-tədris prosesinin təşkilinə, təhsil resurslarına çıxış imkanlarına və şagirdlərin müasir bacarıqlarının inkişafına təsir göstərir. Elektron dərsliklər, rəqəmsal platformalar və innovativ təlim vasitələri dərslərin daha interaktiv və tətbiqyönümlü qurulmasına şərait yaradır.
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası təlim prosesinin keyfiyyətinin artırılması və müəllim fəaliyyətinin yeni istiqamətdə formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
“Rəqəmsal texnologiyalar təhsildə biliklərin yalnız nəzəri şəkildə mənimsənilməsinə deyil, həm də interaktiv və tətbiqi formada öyrənilməsinə imkan yaradır. Elektron dərsliklər, təhsil platformaları və innovativ vasitələr şagirdlərin fərdi öyrənmə tempinə uyğunlaşmağa şərait yaradır. Bu yanaşma tədris prosesinin daha çevik və şagirdyönümlü təşkilinə kömək edir”.
Əmrah Həsənli süni intellektin təhsil sistemində tətbiqinin müəllim peşəsinin roluna təsirinə də diqqət çəkib.
“Süni intellekt və rəqəmsal platformaların təhsilə daxil olması müəllim peşəsini aradan qaldırmır, əksinə, onun rolunu daha strateji müstəviyə keçirir. Müəllim artıq yalnız informasiyanı ötürən şəxs deyil, şagirdin öyrənmə prosesinə istiqamət verən və onu tədqiqat aparmağa təşviq edən bələdçidir. Süni intellekt alətləri tapşırıqların yoxlanılması, qiymətləndirmə və şagirdlərin fərdi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi kimi proseslərdə müəllimlərə dəstək göstərəcək".
Ekspert rəqəmsal təhsilin inkişafı qarşısında duran problemlərə də toxunub. Onun sözlərinə görə, paytaxtla regionlar arasında texnoloji infrastruktur fərqinin aradan qaldırılması əsas məsələlərdəndir.
“Yüksək sürətli internetə çıxış, müasir kompüter avadanlıqları ilə təminat və müəllimlərin rəqəmsal savadlılıq səviyyəsinin artırılması vacib istiqamətlərdir. Kənd məktəblərinin texniki imkanlarının gücləndirilməsi və müəllimlər üçün davamlı rəqəmsal təlimlərin təşkili bu sahədə mühüm nəticələr verə bilər”.
Ekspert hesab edir ki, rəqəmsal bərabərsizliyin aradan qaldırılması və bütün təhsil müəssisələrində bərabər imkanların yaradılması texnologiyaların təhsildəki potensialından daha səmərəli istifadə etməyə imkan verə bilər.
Süsən Mərdalıqızı