00:00:00
Yazar
Elmira Ağayeva
06.11.2026 22:15 46 9 dəq oxuma
Texnologiya

Rəqəmsal texnologiyalar əmək bazarında yeni dövrün əsasını qoyur

Rəqəmsal texnologiyalar əmək bazarında yeni dövrün əsasını qoyur

 

Süni intellektin sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Jurnalistika, mühasibatlıq, təhsil, hüquq, dizayn və proqramlaşdırma kimi sahələrdə bir sıra iş proseslərinin avtomatlaşdırılması bəzi peşələrə tələbatın azalması, eyni zamanda yeni iş imkanlarının yaranması ehtimalını artırır. Bu dəyişikliklər fonunda insanların peşə bacarıqlarını inkişaf etdirməsi və süni intellekt alətlərindən istifadə etməyi öyrənməsi aktuallıq qazanır.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekspert Fərid Kazımov bildirib ki, süni intellekt artıq Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində əmək bazarına və ayrı-ayrı peşə sahələrinə ciddi təsir göstərir:

“Əslində, süni intellekt artıq əmək bazarına təsir göstərir. Sadəcə, biz başa düşməliyik ki, Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində onun təhsil, hüquq, dizayn, mühasibatlıq və jurnalistika sahələrinə təsiri kifayət qədər güclüdür. Siz jurnalistika ilə məşğulsunuz, bilirsiniz ki, bu sahədə istifadə edə biləcəyiniz müəyyən alətlər mövcuddur.

Süni intellektə iki istiqamətdən yanaşa bilərik. Birinci istiqamət onun güclü bir köməkçi vasitə kimi mütəxəssislərin fəaliyyətini daha səmərəli təşkil etməsinə imkan yaratmasıdır. İstənilən sahəni dərindən təhlil etsək, orada mütəxəssislərin işini daha effektiv edə bilən güclü alətlərin olduğunu görərik. Nəticədə, məsələn, əvvəllər beş nəfərin gördüyü işi artıq bir və ya iki nəfər yerinə yetirə bilər. Lakin bunun üçün həmin şəxslər peşəkar olmalı və süni intellekt alətlərindən istifadə etməyi bacarmalıdırlar. Bu halda süni intellekt köməkçi vasitə rolunu oynayır.

İkinci istiqamət isə süni intellektin müstəqil fəaliyyət göstərməsi imkanları ilə bağlıdır. Artıq bu sahədə müəyyən nümunələr də mövcuddur. Mən Startap Şurasının üzvüyəm. Yadımdadır, Azərbaycanda bir startap tamamilə avtonom fəaliyyət göstərə bilən platforma yaratmışdı. Mexanizmi işə saldıqdan sonra ona avtomobil, sosial və ya digər sahələrlə bağlı tapşırıqlar verirsən. Platforma özü dünya üzrə məlumatları toplayır, Azərbaycan dilinə tərcümə edir, yerləşdirir və digər əməliyyatları həyata keçirir. Belə olan halda redaktor yalnız son mərhələdə yerləşdirmə düyməsini basa bilər. Çünki süni intellekt avtomatlaşdırılmış sistem olsa da, səhv edə bilər.

Faktiki olaraq, jurnalistin iştirakı olmadan fəaliyyət göstərmək imkanı yaranır. Ancaq burada bir məqamı nəzərə almalıyıq: bu, əsasən qlobal xəbərlərə aiddir. Azərbaycanla bağlı xəbərlərin hazırlanmasında, lokal məlumatların toplanmasında, tədbirlərdə iştirakda və hadisə yerindən məlumat əldə edilməsində insan faktorunun rolu hələ də böyükdür. Bununla belə, müəyyən sahələrdə avtonom fəaliyyət göstərə bilən mexanizmlərin formalaşdığını görürük”.

Fərid Kazımov süni intellektin yaxın illərdə bir çox peşə və ixtisas üzrə iş proseslərinin ayrılmaz hissəsinə çevriləcəyini, bu texnologiyalardan istifadə etməyi bacarmayan şəxslərin isə əmək bazarında çətinliklərlə üzləşə biləcəyini vurğulayıb:

“İş yerlərinə təsir məsələsi artıq bu gün özünü göstərir. Yadımdadır, yaxın üç il ərzində, yəni 2029–2030-cu illərə qədər peşə və ixtisasların 70 faizində süni intellektdən istifadə olunacağı ilə bağlı proqnozlar səsləndirilmişdi. Başqa sözlə, peşələrin və iş proseslərinin böyük bir hissəsində süni intellektdən istifadə artıq zərurətə çevriləcək. Bu baxımdan, süni intellektlə işləməyi bacaran şəxslər əmək bazarında öz mövqelərini qoruyub saxlaya biləcəklər. Bu bacarıqlara yiyələnməyən insanlar isə tədricən əmək bazarından sıxışdırıla bilərlər.

Yaxın illərdə tamamilə avtonom fəaliyyət göstərən və insanı əvəz edə bilən sistemlərlə də qarşılaşa bilərik. Məsələn, süni intellekt əsaslı ideal müəllim modeli yaradıla bilər. Belə bir sistem ekran vasitəsilə məktəblilərə dəstək göstərə, onlara bilik və məlumat təqdim edə bilər. Təhsil sahəsində ciddi dəyişikliklər gözlənilir.

Jurnalistikada da süni intellektin təsiri güclü olacaq. Xüsusilə xəbər sahəsində jurnalistlərin fəaliyyətinə ehtiyac qalacaq. Çünki insan tədbirə getməli, yerində məlumat toplamalıdır. Analitika sahəsində isə tam avtonomlaşma prosesi sürətlənə bilər. Süni intellekt mövcud məlumatları toplayıb təhlil etmək və keyfiyyətli materiallar hazırlamaq imkanına malikdir. Artıq bu gün onun imkanlarından istifadə edərək inkişafın hansı istiqamətdə getdiyini görə bilirik.

Hüquq sahəsində də iki istiqamətdə dəyişiklik baş verəcək. Birincisi, təhlil prosesidir. Hüquqşünasların qanunları təhlil etdiyi, müəyyən məsələlərlə bağlı hüquqi qərarların hazırlanmasında iştirak etdiyi mərhələlərdə süni intellekt onları müəyyən mənada əvəz edə biləcək. Beləliklə, bəzi proseslərdə insan faktoruna əvvəlki qədər ehtiyac qalmayacaq.

Bilirsiniz ki, dünyada iki fərqli hüquq sistemi mövcuddur. Azərbaycan Almaniya modelinə əsaslanan kontinental hüquq sistemindən istifadə edir. Bu sistemdə qərarlar qanunvericilik normaları əsasında qəbul olunur. Qanunların təhlili, konkret məsələnin hansı hüquqi normaya uyğun olub-olmadığının müəyyənləşdirilməsi prosesində süni intellekt hüquqşünasların işini əhəmiyyətli dərəcədə asanlaşdıra, hətta müəyyən funksiyaları öz üzərinə götürə bilər.

Azərbaycanda da Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə hüquq.ai platforması yaradılmışdı. Bu platforma istifadəçilərə sadə formada hüquqi məlumatlar əldə etməyə kömək edirdi. Gələcəkdə bu proses daha da dərinləşəcək və hüquq xidmətlərinin tamamilə yeni formatı ilə qarşılaşacağıq”.

Ekspert süni intellektin əmək bazarına təsirinin qlobal tendensiyaya çevrildiyini, bəzi iri şirkətlərdə fəaliyyət və gəlir artımına baxmayaraq, işçi ixtisarlarının aparıldığını bildirib:

“Əlbəttə, süni intellektin inkişafı işsizliyə də təsir göstərəcək. Çünki bu hallar artıq qlobal səviyyədə müşahidə olunur. Bilirsiniz ki, iri şirkətlər minlərlə işçini ixtisar edirlər. Maraqlı məqam ondan ibarətdir ki, şirkətlər inkişaf etsə və fəaliyyətlərini genişləndirsələr də, yeni iş yerləri açılmır.

Ötən il Fortune 500 reytinqi ilə bağlı belə bir məlumatla qarşılaşmışdım. Bu, dünyanın ən iri 500 şirkətinin siyahısıdır. Həmin məlumatda diqqətçəkən məqam ondan ibarət idi ki, şirkətlər inkişaf etsələr də, yeni iş yerləri yaratmırlar. Əvvəllər biznesin əsas prinsiplərindən biri belə idi: şirkət böyüdükcə yeni imkanlar yaranır və daha çox işçi işə qəbul edilirdi. İndi isə şirkətlər böyüsələr də, yeni işçilərin cəlb edilməsinə əvvəlki qədər ehtiyac duymurlar.

Artıq bu il də qlobal miqyasda fəaliyyət göstərən iri şirkətlərdə minlərlə insanın ixtisar edildiyini görürük. Bu tendensiyanın əsas səbəblərindən biri süni intellektin insan əməyini əvəz etməyə başlamasıdır. Ancaq bu, süni intellektin insanı tamamilə əvəz edəcəyi demək deyil. Sadəcə, müəyyən işlər süni intellektə həvalə olunur. Həmin sistemlərdən istifadə etmək və onları idarə etmək üçün isə yenə də insanlara ehtiyac var. Qərar qəbul edən şəxslər də fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd etdiyim kimi, hazırda istifadə etdiyimiz süni intellekt generativ süni intellekt adlanır. Gələcəkdə daha fərqli və inkişaf etmiş sistemlərin yaradılması ilə tamamilə yeni reallıqla qarşılaşa bilərik”.

Ekspertin sözlərinə görə, proqramlaşdırma sahəsində də dəyişikliklər artıq özünü göstərir. Xüsusilə ilkin səviyyəli mütəxəssislərə tələbatın azalması, yüksək ixtisaslı kadrlara ehtiyacın isə artması gözlənilir:

“Proqramçılar üç səviyyəyə bölünür: junior, yəni ilkin mərhələdə olan gənc mütəxəssislər, middle, yəni orta səviyyəli mütəxəssislər və senior, yəni yüksək səviyyəli mütəxəssislər. Artıq bu gün junior səviyyəli proqramçılara tələbat nəzərəçarpacaq dərəcədə azalmağa başlayıb. Çünki süni intellekt bir çox ilkin proqramlaşdırma işlərini yerinə yetirə bilir. Buna görə də yüksək səviyyəli mütəxəssislərə tələbatın daha da artacağı gözlənilir.

Mən müxtəlif məlumatlarla tanış oluram. ABŞ-da nüfuzlu universitetləri bitirmiş, magistratura və ya doktorantura səviyyəsində təhsil almış proqramçılar belə iş axtarmaq məcburiyyətində qalırlar. Bəziləri bir il, hətta il yarım iş tapa bilmirlər. Bu, ciddi problemdir. Bunun əsas səbəblərindən biri süni intellektin bir çox işi öz üzərinə götürməsi, nəticədə əmək bazarında tələblərin dəyişməsidir. Belə şəraitdə yüksək ixtisaslı mütəxəssislərə ehtiyac daha da artacaq”.

Fərid Kazımov hesab edir ki, süni intellektin yaratdığı yeni reallıqda insanların qarşısında iki əsas seçim dayanır: ya avtomatlaşdırılması çətin olan, praktiki bacarıq tələb edən sahələrə yönəlmək, ya da öz ixtisasları üzrə daha yüksək peşəkarlıq səviyyəsinə çatmaq:

“İnsanların qarşısında, əsasən, iki yol qalır. Birinci yol oflayn, yəni praktiki əmək tələb edən sahələrə yönəlməkdir. Belə işlərdə süni intellektin insanı əvəz etməsi daha çətindir. Ancaq burada da müəyyən nüanslar var. Robototexnika inkişaf edir və yaxın 10 il ərzində həmin sahələrdə də ciddi dəyişikliklər baş verəcək.

İkinci yol isə yüksək səviyyəli mütəxəssis olmaqdır. İnsan elə bir peşəkarlıq səviyyəsinə çatmalıdır ki, süni intellekt onu asanlıqla əvəz edə bilməsin. Eyni zamanda, süni intellekti idarə edə biləcək səviyyədə bilik və bacarıqlara yiyələnərək korporasiyalarda və müxtəlif qurumlarda öz karyerasını inkişaf etdirməlidir”.

Müsahib texnoloji dəyişikliklərə yalnız iş yerlərinin itirilməsi prizmasından yanaşmağın düzgün olmadığını, tarixən sənaye inqilabları zamanı bəzi peşələr aradan qalxsa da, yeni fəaliyyət sahələrinin yarandığını xatırladıb:

“Bir məqamı da qeyd etmək istəyirəm. Gəlin, məsələyə bir qədər nikbin yanaşaq və həddindən artıq pessimist olmayaq. Bilirsiniz ki, sənaye inqilabı Böyük Britaniyada baş verib. Həmin dövrdə insanlar əsasən əl əməyi ilə məşğul olurdular, sonradan sənaye sahəsində maşınlar yaradılmağa başladı. Bu maşınlar insanların ciddi narazılığına səbəb oldu. Ludistlər hərəkatı mövcud idi. Onlar düşünürdülər ki, maşınlar iş yerlərini əllərindən alacaq. Hərəkatın nümayəndələri zavod və fabriklərə daxil olaraq maşınları, avadanlıqları dağıdırdılar ki, işlərini itirməsinlər.

Ancaq diqqət yetirsək, görərik ki, həmin dövrdə maşınlar insan əməyinin bir hissəsini əvəz etsə də, sənaye inqilabı nəticəsində yeni istehsal sahələri və iş imkanları yarandı. Avadanlıqların istifadəsi genişləndi, lakin onların idarə olunması və istehsal prosesinin təşkili üçün yenə də işçilərə ehtiyac var idi. Sadəcə, işlərin mahiyyəti və formatı dəyişdi. İnsanlar yeni şəraitə uyğunlaşmalı oldular ki, fəaliyyətlərini davam etdirə bilsinlər.

Əsrlər boyu bu cür proseslər baş verib. Hazırda qarşılaşdığımız vəziyyət müəyyən mənada fərqlidir. Ancaq bu, həyatın dəyişməsi və bizim tamamilə bədbinliyə qapılmağımız demək deyil. İnsanlar inkişaf edir və müəyyən mənada hər zaman çıxış yolu taparaq fəaliyyətlərini davam etdirirlər”.

Ekspert süni intellektin təsirləri nəticəsində işsiz qala biləcək insanların sosial müdafiəsinin də vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu prosesdə dövlətlərin üzərinə də müəyyən məsuliyyət düşür:

“Artıq bəzi Qərb dövlətləri müəyyən qrup insanların işsiz qala biləcəyini nəzərə alırlar. Məsələn, ABŞ-ın avtomobil sənayesinin mərkəzi olan Detroyt şəhərini götürək. 1980-ci illərdə Yaponiya avtomobil sənayesinin sürətli inkişafı nəticəsində bu ölkənin avtomobil istehsalçıları dünya bazarında mövqelərini xeyli gücləndirdilər. Detroitdəki avtomobil zavodlarının bir qismi bağlandı, çünki onların fəaliyyəti əvvəlki kimi rentabelli deyildi və Amerika avtomobilləri əvvəlki həcmdə satılmırdı. Nəticədə çoxlu sayda insan işsiz qaldı.

Ancaq həyat dayanmadı. İşsiz qalan insanlara müxtəlif sosial proqramlar tətbiq edildi, dəstək tədbirləri həyata keçirildi. Dövlətlər bu istiqamətdə müxtəlif proqramlar hazırlayırlar. Bəzi proqramlar insanlara minimum maliyyə dəstəyi almağa imkan verir. Onlar da öz növbəsində yenidən əmək fəaliyyətinə qayıtmağa və işləməyə çalışırlar”.

Ekspertin fikrincə, yeni əmək bazarında uğur qazanmaq üçün insanların təşəbbüskar olması, öz üzərlərində işləməsi və çalışdıqları müəssisələrdə yeni ideyalar irəli sürməsi vacibdir:

“Bu istiqamətdə təşəbbüskarlıq inkişaf etməlidir. Təşəbbüskarlıq o demək deyil ki, mütləq öz biznesimizi qurmalıyıq. Təəssüf ki, Azərbaycanda planlı iqtisadiyyatdan çıxmış, xüsusilə 50 yaşdan yuxarı insanların bir qismi belə düşünür ki, dövlət onlara iş verməli, maaş ödəməli, onlar da sadəcə işləməlidirlər. Ancaq reallıq fərqlidir. İnsan təşəbbüskar olmalı, öz gələcəyini qurmaq üçün özü çalışmalıdır.

Hətta insan öz şirkətində və ya çalışdığı qurumda da təşəbbüskar olmalıdır. Yeni ideyalar irəli sürməli, layihələr və məhsullar yaratmalıdır. Təşəbbüskarlıq məhz budur. Artıq yalnız maaş almaq, başını aşağı salaraq verilən işi yerinə yetirməklə kifayətlənmək yanaşması dəyişir.

Qlobal korporativ sektorda, xüsusilə ABŞ və Qərbi Avropada “intrapreneur”, yəni korporativ sahibkarlıq anlayışı getdikcə inkişaf edir. Şirkətlər təşəbbüskar, daim yeni təkliflər verən, müəssisənin inkişafına və dəyər yaratmasına töhfə göstərən insanlara ehtiyac duyurlar. Belə şəxslərə tələbat olacaq, onlar iş və gəlir imkanlarını da qoruyub saxlaya biləcəklər. Ancaq texnologiyanı öyrənmək istəməyən, öz üzərində işləməyən və yalnız mövcud iş qaydasını qorumağa çalışan insanlar üçün gələcəkdə ciddi çətinliklər yarana bilər”.

Gülnar Mustafayeva

#əmək #rəqəmsal #qoyur #bazarında #texnologiyalar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər