Ərdoğan: Beynəlxalq sistem ciddi legitimlik böhranı yaşayır
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, İkinci Dünya müharibəsindən sonra qalib dövlətlərin qurduğu beynəlxalq sistem bu gün, demək olar ki, bütün sahələrdə ciddi legitimlik böhranı ilə üz-üzədir.
O, bu fikirləri Strateji Kommunikasiya Zirvəsinə (STRATCOM) göndərdiyi video müraciətdə səsləndirib. Prezident qeyd edib ki, hazırda dünya müharibələrin, soyqırımların və müxtəlif böhranların artdığı çətin bir dövrdən keçir. Onun sözlərinə görə, beynəlxalq sistemin əsasını təşkil edən qurumlar, qaydalar və dəyərlər getdikcə öz təsirini itirir.
Ərdoğan vurğulayıb ki, problemlərin dialoq yolu ilə deyil, silah vasitəsilə həll edilməyə çalışılması vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə Qəzzada baş verən faciələrin bütün dünyanı sarsıtdığını bildirib və bu cür hadisələrin dayandırılmasının vacibliyini qeyd edib.
Prezident əlavə edib ki, həqiqətlərin təhrif olunmasının qarşısını almaq üçün kommunikasiya və beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir. O, dövlətlərlə yanaşı, akademik dairələrin, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların daha aktiv rol oynamasının vacib olduğunu vurğulayıb.
Sonda Ərdoğan bildirib ki, Türkiyə ədalətə və humanitar dəyərlərə əsaslanan siyasətini davam etdirərək, həm regionda, həm də dünyada sülh və sabitliyin təmin olunması üçün səylərini göstərəcək.
TRT HABER
Reyhan Quliyeva