Ərdoğan və Zelenski arasındakı danışıq regiona necə təsir edəcək?
Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı vəziyyəti, eləcə də Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminə və enerji sektoruna dəstək məsələlərini müzakirə ediblər. Bu barədə Zelenski özünün teleqram kanalında bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında İran ətrafındakı vəziyyət və təhlükəsizlik məsələlərinin müzakirəsi regionda formalaşan yeni geosiyasi balansın göstəricisidir:
“Bu görüş bir neçə mühüm məqamı ortaya qoyur. Əvvəla, Türkiyə son illərdə regional böhranlarda vasitəçi və balanslaşdırıcı aktor kimi çıxış etməyə çalışır. Ankara həm NATO üzvü kimi Qərb strukturları ilə əməkdaşlıq edir, həm də Rusiya, İran və digər regional güclərlə dialoqu qoruyur. İran ətrafında gərginliyin artdığı bir dövrdə Türkiyənin Ukrayna ilə məsləhətləşmələr aparması onun diplomatik platforma rolunu gücləndirir. Bu, Ankaraya həm təhlükəsizlik, həm də enerji və tranzit siyasətində əlavə təsir imkanları qazandırır. Digər bir məsələ isə regionda eskalasiyanın qarşısını almaq üçün regional güclər arasında birbaşa diplomatik dialoqun gücləndirilməsidir. Beynəlxalq platformalarda (BMT və digər qurumlar çərçivəsində) gərginliyin azaldılması təşəbbüsləri, eləcə də humanitar və təhlükəsizlik məsələlərində çoxtərəfli əməkdaşlıq çox vacibdir. Belə addımlar münaqişənin regional müharibəyə çevrilməsinin qarşısını almağa kömək edə bilər”.
Polad Mehdiyev qeyd edib ki, bundan başqa bu görüş Ankara ilə Kiyev arasında strateji əməkdaşlığın davam etdiyini göstərir:
“Türkiyə Ukraynanın təhlükəsizlik və müdafiə sahəsində mühüm tərəfdaşlarından biridir. Bu dialoq gələcəkdə hərbi-texniki əməkdaşlığın, enerji və infrastruktur layihələrinin, həmçinin Qara dəniz regionunda təhlükəsizlik koordinasiyasının daha da inkişaf etməsinə zəmin yarada bilər. Ümumilikdə isə bu təmaslar Türkiyənin regional diplomatiyada fəal rolunu gücləndirir və regionda sabitliyin qorunmasına yönəlmiş siyasi məsləhətləşmələrin davam etdiyini göstərir. Bu proseslər Cənubi Qafqaz və Qara dəniz regionu üçün də əhəmiyyətlidir, çünki sabitlik və təhlükəsizlik bu geniş coğrafiyanın bütün ölkələrinin maraqlarına uyğundur”.
Nuray Əliyeva