"Real Madrid" "Barcelona"nı məğlubiyyətlə susdurub
Mövsümün ilk El Clásico-su "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın nəticəsində "Real" "Barcelona"dan 5 xal fərq ilə üstünlük qazanaraq liderliyə davam edir.
Mövzu haqqında El Clásico-nun şərhçisi Elgün Fətəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, mövsümün ilk El Clásico-su "Real" cəbhəsi üçün daha vacib məqam idi:
" Ötən il dörd El Clásico matçının dördündə də "Barcelona" qalib gəlib və eyni zamanda "Real"ı bir çox titullardan məhrum edib. Xabi Alonso-nun "Real Madrid"ə məşqçi olaraq gəlişində əsas məqsəd "Barcelona"nın ölkə daxili hegemonluğuna son qoymaq idi. Həmçinin, ötən mövsüm "Real Madrid"in yalnız "Barcelona"ya qarşı deyil, "PSG" və "Atletico Madrid"ə qarşı məğlub olması səbəbilə, Xabi Alonso-nun və komandanın özünü sübut etməsi üçün bu oyun böyük fürsət idi. Beləliklə, Xabi Alonso-nun keçən mövsüm edilmiş tənqidlərdən nəticə çıxarıb komandanı bu El Clásico-ya güclü hazırlaşdırması diqqət çəkib. "Real Madrid"in qələbəsinin başlıca memarlarından biri komandanın oyuna yaxşı hazırlaşması olub. Rəqib komandanın,xüsusilə gənc futbolçu Lamine Yamal-ın sosial media hesablarında "Real Madrid"in hakimlərlə əlaqəsi olduğuna dair iddialara və oxşar məsələlərə işarə vurması nəticəsində Xabi Alonso-nun mətbuat konfransında cavab olaraq "Biz sözümüzü meydanda deyəcəyik." fikrini bildirməsi də komandanın oyuna daha güclü hazırlaşmasına səbəb olub. Bir sözlə, "Real Madrid" qisas hissi ilə meydana çıxıb rəqibi susdurmağı bacarıb. "Real"ın qələbəsinin digər bir səbəbi "Barcelona"da ciddi zədələrin,yəni Raphinha, Lewandowski və Dani Olmo-nun əksik olması idi. Bu futbolçuların olmadığı bir məqamda "Real" müdafiəsi bir qədər rahat nəfəs alaraq Lamine Yamal-ı asan bir şəkildə zərərsizləşdirə bilib. Əgər bu üç oyunçudan biri,xüsusilə də Raphinha oyunda iştirak etsəydi biz tamamilə fərqli bir El Clásico matçı görə bilərdik. Oyunun ən çox fərqlənən oyunçusuna gəldikdə isə o, təbii ki Jude Bellingham-dir. "Real"a transfer olandan bəri hər iki El Clásico-da komandaya qələbə qazandıran qollara Bellingham imza atıb və maraqlıdır ki,hər dəfə bu qollar oyunun sonunda vurulub və bu oyunda da "Real"a qələbə qazandıran Jude Bellingham-in özü olub. Baxmayaraq ki,o uzun müddətdir zədəli olub bu matç Bellingham-in komanda üçün nə dərəcə vacib olduğunu göstərib. Fərqlənən oyunçulardan biri də Kylian Mbappe idi. Onlarla yanaşı diqqət çəkən futbolçulardan biri Eduardo Camavinga olub. Demək olar ki, bu oyun bütün meydanda ən çox top alan oyunçu olmağı bacarıb. Bir sözlə, Camavinga bu oyun əla performans göstərib. Bütün bu amillər və "Real Madrid"in qat-qat daha yaxşı motivasiyalı olması qələbəni əsas şərtləndirən məqamlardan bir neçəsi olub. Lakin 5 xallıq bir fərq LaLiqa üçün elə də ciddi bir fərq sayılmır və çempionluq taleyini həll edəcəyi düşünülmür".
Mələk Nəsirli
