“Real Madrid” sponsor gəlirlərini 300 milyon avroya çatdırmağı hədəfləyir
İspaniyanın “Real Madrid” klubu “Emireyts” aviaşirkəti ilə sponsorluq müqaviləsinin müddətinin uzadılmasına yaxındır.
"İnformator.az" xəbər verir ki, tərəflər arasında hazırda qüvvədə olan və illik dəyəri 70-80 milyon avro təşkil edən sazişin yenilənməsi nəzərdə tutulur.
AS nəşrinin məlumatına görə, formaların üzərində kommersiya adının yerləşdirilməsini nəzərdə tutan yeni müqavilənin məbləği mövsüm başına 100 milyon avronu ötə bilər. Mövcud müqavilənin müddəti iyunun 30-da başa çatır və hazırda hər iki tərəf yeni şərtlər üzərində danışıqları davam etdirir.
Bununla yanaşı, “kral klubu” digər nəhəng sponsoru olan “Adidas” şirkəti ilə də əməkdaşlıq şərtlərini nəzərdən keçirir. Hazırkı müqavilənin 2029-cu ildə başa çatmasına baxmayaraq, tərəflər tərəfdaşlıq müddətinin uzadılması və maliyyə şərtlərinin dəyişdirilməsini artıq müzakirə ediblər. Qeyri-rəsmi məlumatlara görə, illik dəyəri 120 milyon avro olan cari sazişin məbləğinin və müddətinin artırılması planlaşdırılır.
