00:00:00
Yazar
Admin User
07.01.2026 17:07 195 3 dəq oxuma
Media

Regional diplomatiya xəbərlərində məlumatın yoxlanmasının əhəmiyyəti

Regional diplomatiya xəbərlərində məlumatın yoxlanmasının əhəmiyyəti

Regional diplomatiya ilə bağlı xəbərlərin artdığı bir dövrdə rəsmi açıqlamaların mediada necə təqdim olunması və bu məlumatların nə dərəcədə yoxlanılması ictimai rəyin formalaşmasında həlledici rol oynayır.

 

Mövzu ilə bağlı media eksperti Səbinə İzzətli “İnformator.az”a açıqlamasında bildirib ki, media rəsmi qurumların açıqlamalarını yayımlayarkən yalnız sitatların ötürülməsi ilə kifayətlənməməlidir:

 

“Oxucuya mövzunu anlamağa imkan vermək üçün hökmən əlavə kontekstlər təqdim edilməlidir. Əlavə kontekst dedikdə nəzərdə tutulur ki, hər hansı açıqlamanı rəsmi qurumlar hansı məqsədlə, hansı auditoriya üçün veribsə, bu mütləq öyrənilməlidir. Bu rəsmi açıqlamanın bundan əvvəlki mövqelərlə əlaqəsi kontekstdə verilməlidir. Buna bənzər əvvəlki qərarlarla mövqeyi göstərilməlidir. Daha öncə oxşar və ya buna zidd açıqlamalar verilibmi? - mütləq şəkildə belə paralellər aparılmalıdır. Jurnalistikada buna ön tarixçə deyirik və bu ön tarixçə verilməlidir. Yayımlanan informasiyanın mümkün təsir və nəticələri də oxucuya aydın şəkildə çatdırılmalıdır. Eyni zamanda mümkün təsir və nəticələr də xəbərdə yer almalıdır. Hər hansısa informasiya yayırıqsa, bunun regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ya diplomatik münasibətlərə təsirinin nə olduğu, cəmiyyətin özünə təsirinin nə olduğu oxucuya aydın olmalıdır. Oxucu sadəcə fakt olaraq oxumamalıdır. Onun həyatında nə kimi təsirlərin ola biləcəyini - minimumdan maksimuma, qlobal sahədə, regional sahədə ola biləcək nəticələri anlamalıdır. Xəbər məhz bu istiqamətdə hazırlanmalıdır”.

 

Media eksperti alternativ baxışların əhəmiyyətinə də diqqət çəkib:

 

“Əlbəttə ki, alternativ baxışlar çox vacibdir. Müstəqil ekspertlərin, akademiklərin, eyni zamanda beynəlxalq qurumların mövqelərini öyrənmək jurnalist materialının sanbalını artıra bilər. Bu prosesdə jurnalist məsuliyyəti üç vacib prinsiplə qorunmalıdır: fakt və şərhin ayrılması, rəsmi mənbənin maraqlarının oxucuya açıq şəkildə bildirilməsi və sensasiyalı, kontekstdən çıxarılmış sitatlardan uzaq durmaq. Heç bir şəkildə icazə verməməliyik ki, rəsmi məlumatlar sensasiyaya çevrilsin və cəmiyyətdə narahatlıq yaradacaq başlıqlar qoyulsun. Klik-beyt funksiyası olsa da, bu cür sensasiyalı və kontekstdən çıxarılmış başlıqlardan uzaq durmalıyıq. Mənbə müxtəlifliyinin məhdud olması çox ciddi risklər yarada bilir. Bəzən rəsmi mənbənin dominantlığını görürük. Bu isə tənqidi yanaşmanın zəifləməsinə, alternativ mövqelərin görünməməsinə və ictimai rəyin birtərəfli formalaşmasına gətirib çıxara bilir. Oxucu hadisələri həmin media yayımı nəticəsində yalnız bir prizma ilə dəyərləndirir. Təsdiqlənməyən və seçici məlumatlar normallaşır. Yalnız bir ekspert danışdırılır və oxucu artıq eyni rəsmi nümayəndəni efirdə görməkdən yorulur. Jurnalist redaksiyaya daxil olan informasiyanı hökmən bir neçə mənbədən hazırlamalıdır. Əksər halda bu edilmədikdə dezinformasiya riski artır və medianın etibarlılığı azalır. İlk olmaqla doğru olmaq arasında balans yaratmalıyıq. Bu balans pozularsa çox ciddi problemlər üzə çıxır. Burada ikimərhələli yayım modelindən istifadə olunur - ilkin xəbər minimum təsdiqlənən faktlarla verilir, daha sonra yenilənir və təsdiqlənir. Fakt-yoxlama metodikası və redaksiyadaxili əmək bölgüsü də mühüm rol oynayır. Mənbənin etibarlılıq səviyyəsi əvvəlcədən müəyyən edilməlidir. Operativ jurnalistlə faktyoxlayıcı komandanın paralel işləməsi çox vacibdir. Bu proses yayımdan sonra deyil, eyni anda baş verməlidir”.

 

Səbinə İzzətli sonda şəffaf düzəliş siyasətinin vacibliyini qeyd edib:

 

“Səhv olduqda açıq şəkildə düzəliş edilməsi mütləq vacibdir. Oxucuya bildirilməlidir ki, xəbər səhv gedib və bu düzəldilib. Əks halda media reputasiyasını itirir və oxucu etimadı zəifləyir”.


Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər