Regionda normallaşma prosesləri yeni imkanlar açır
"Ermənistan və Türkiyə, eləcə də Ermənistan və Azərbaycan arasında normallaşma prosesləri fərqlidir, lakin ölkələr eyni bölgədə yerləşdikləri üçün bir-birilərinə təsir göstərə bilər",- bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, hər iki proses müstəqil kimi görünsə də, əslində bir-biri ilə bağlıdır:
"Ermənistan–Türkiyə diplomatik münasibətlərinin vaxtilə Azərbaycan torpaqlarının işğalı səbəbindən dayandırıldığını xatırlamaq kifayətdir. Həm Ermənistan-Türkiyə normallaşması, həm də Ermənistan-Azərbaycan sülh prosesi region üçün müsbət nəticələr vəd edir. Regionda kommunikasiyaların açılması Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat xəttinin formalaşmasına gətirib çıxaracaq. Bu isə hər üç ölkənin iqtisadi inkişafına ciddi təkan verəcək. Birgə qəbul ediləcək qərarlar regiona kənar müdaxilələrin minimuma enməsinə də şərait yaradacaq. Bir sözlə, proseslər indiyədək olmadığı qədər müsbət istiqamətdə irəliləyir".
Qəmər Kazımzadə
