Repetitor və hazırlıq kurslarına artan tələbatın arxasında nə dayanır?
Son illərdə şagirdlərin repetitor və hazırlıq kurslarına müraciət etməsi, xüsusilə ali məktəbə qəbul imtahanlarında yüksək nəticə əldə etmək istəyənlər arasında geniş yayılıb. Valideynlər övladlarının daha yaxşı nəticə göstərməsi üçün məktəb dərsləri ilə yanaşı, əlavə hazırlığa da üstünlük verirlər. Erkən yaşlardan başlayan hazırlıqlar və eyni vaxtda bir neçə fənn üzrə repetitor yanına getmək isə şagirdlərin üzərindəki dərs yükünün artmasına səbəb ola bilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, məktəb təhsili şagirdin fundamental bilik və bacarıqlar əldə etməsi üçün əsas platforma olmalıdır:
“Mən hesab edirəm ki, məktəb təhsili şagirdin fundamental bilik və bacarıqlar əldə etməsi üçün əsas və kifayət qədər mühüm platformadır. Repetitorluq isə məktəb təhsilinin əvəzedicisi deyil, konkret ehtiyac yarandıqda onu tamamlayan vasitə kimi çıxış etməlidir. Lakin hazırkı reallıqda, xüsusilə yüksək bal toplamaq və ali məktəbə qəbul olmaq istəyən şagirdlər arasında repetitorluğa ciddi tələbatın formalaşdığını görürük. Bunun əsas səbəblərindən biri qəbul imtahanının yaratdığı rəqabətdir. Valideyn və şagird yüksək nəticə əldə etmək üçün yalnız məktəb proqramı ilə kifayətlənməyərək əlavə məşğələlərə üstünlük verirlər. Digər tərəfdən, məktəbdə müəllim eyni anda çoxsaylı şagirdlərlə işlədiyi halda, repetitor fərdi şəkildə müəyyən bir şagirdin zəif tərəflərinə fokuslana bilir. Bu da valideynlərdə əlavə hazırlığın nəticəni yüksəldəcəyi düşüncəsini gücləndirir. Amma repetitorluğun geniş yayılması məktəb təhsilinin əhəmiyyətinin azalması kimi qiymətləndirilməməlidir. Əksinə, məktəb təhsili uzunmüddətli perspektivdə elə səviyyəyə çatdırılmalıdır ki, repetitor yanına getmək uğurun məcburi şərtinə çevrilməsin. Yəni əlavə hazırlıq müəyyən şagird üçün faydalı seçim ola bilər, lakin bütün şagirdlər üçün məcburiyyətə çevrilməsi sağlam tendensiya deyil”.
Ekspert qeyd edib ki, repetitorluğa olan ehtiyacı müəyyən qədər azaltmaq və şagirdlərin maraq və istiqamətlərinə uyğun təhsil almasını təmin etmək məqsədilə təmayül sinifləri də yaradılır:
“Şagird 9-cu sinfə qədər ümumi təhsil alır, 10–11-ci siniflərdə isə artıq hazırlaşdığı istiqamət üzrə təhsilini davam etdirir. Bu baxımdan təmayül sinifləri də əlavə hazırlığa olan ehtiyacın müəyyən qədər azalmasına xidmət edə bilər”.
Rizvan Fikrətoğlu valideynlərin uşaqları erkən yaşlardan hazırlığa göndərməsinə də münasibət bildirib. Onun sözlərinə görə, erkən yaşda hazırlığa başlamaq avtomatik olaraq gələcək uğura zəmanət vermir:
“Uşağı erkən yaşda hazırlığa göndərməyin avtomatik olaraq onun gələcəkdə daha uğurlu olacağı mənasına gəlmədiyini başa düşmək lazımdır. Burada əsas məsələ uşağın neçə yaşında hazırlığa başlaması deyil, həmin hazırlığın məqsədi və intensivliyidir. Əgər uşaq hansısa sahəyə maraq göstərirsə və əlavə məşğələ onun inkişafını dəstəkləyirsə, bu, müsbət nəticə verə bilər.
Lakin valideynin ‘Hamı repetitor yanına gedir, mənim də uşağım repetitor yanına getməlidir, hər şey yaxşı olacaq’ düşüncəsi ilə məktəbəqədər və yaxud ibtidai yaşlarda uşağın dərs yükünü həddindən artıq artırmasına ehtiyac yoxdur. Uşaqlıq dövründə oyun, istirahət, fiziki fəaliyyət, sosiallaşma və yaradıcılıq da ən az akademik hazırlıq qədər uşaq üçün vacibdir.
Ümumiyyətlə, uşağın gündəlik həyatının böyük hissəsini dərslər və hazırlıqlar təşkil etdikdə, müəyyən müddətdən sonra uşaqda yorğunluq, motivasiya itkisi və təhsilə qarşı mənfi münasibət də yarana bilər. Ona görə də erkən hazırlıq ‘nə qədər tez, bir o qədər yaxşı’ prinsipi ilə deyil, nə qədər məqsədyönlü və yaşa uyğun qurularsa, bir o qədər yaxşıdır”.
Ekspert eyni zamanda şagirdlərin bir neçə fənn üzrə hazırlığa getməsinin mənfi hal olmadığını bildirib. Onun sözlərinə görə, burada əsas məsələ şagirdin real ehtiyacının və üzərinə düşən yükün nəzərə alınmasıdır:
“Bir neçə fənn üzrə hazırlığa getmək öz-özlüyündə mənfi hal deyil. Əgər şagirdin müəyyən fənlər üzrə bilik boşluğu varsa və əlavə hazırlıq həmin boşluğu aradan qaldırmağa kömək edirsə, bunun müsbət nəticəsi ola bilər. Lakin burada da müəyyən həddin qorunması vacibdir. Şagirdin məktəbdə keçdiyi dərslərin üzərinə bir neçə repetitor və kurs əlavə olunur, daha sonra ev tapşırıqları və sınaq imtahanları gəlirsə, onun gün ərzində istirahətə və öyrəndiklərini mənimsəməyə kifayət qədər vaxtı qalmaya bilər. Bu zaman hazırlıqların sayının artması ilə eyni nisbətdə uşağın yükü də artmış olur. Təhsildə əsas prinsip daha çox dərs deyil, daha səmərəli öyrənmədir”.
Gülnar Mustafayeva