Restoranlara da ulduz veriləcək
Bu günə qədər otellərin xidmət səviyyəsinin fərqləndirilməsi üçün onların “ulduzlar”la təsnifatına rast gəlirdik. Yeni qərara əsasən, bu sistem restoranlara da aid ediləcək. Hər bir iaşə obyekti könüllü olaraq müraciət edə biləcək. Aparılan müşahidələrə əsasən, 3,4,5 ulduzla qiymətləndiriləcəklər. Bu ulduzlar restoranların girişində öz əksini tapacaq.
Ulduz təsnifatı dünya təcrübəsinə əsaslanaraq veriləcək. Maraqlıdır, dünya ölkələrindəki restoranlar bu kriteriyalara hansı xidmətləri əlavə edib?
Qida üzrə ekspert Seymur Qafarov deyir ki, buraya restoranlardakı yeməklərə vurulan qidaların orqanikliyi, xidmət səviyyəsi, mətbəxin milliliyi və s. kimi kriteriyalar daxil edilir. Bundan başqa restoranın şəhərin hansı ərazisində, mərkəzə nə qədər yaxın və ya uzaqlıqda yerləşməsi də dünya təcrübəsindəki kriteriyalara daxildir.
Bu gün ölkədə müştərilərinə yüksək səviyyədə xidmət göstərən kifayət qədər restoran var. Əksəriyyəti də qoyulan meyarlara və standartlara, tələblərə cavbab verdiklərini, buna görə də maksimum ulduz alacaqlarını düşünürlər:
Supervayzer Elvin Fətəliyev: "Bizim gətirdiyimiz məhsulların, qidaların hər biri öz vətənindən gətirilir. Əsasən, Türkiyədən gətirməyə üstünlük veririk. İstər yeməklərimiz, istər şirniyyatlara vurduğumuz qidaları. Personalımız da yüksək səviyyədə müştərilərə xidmət göstərir. Bütün bunları nəzərə alanda 5 ulduza layiq olduğumuzu düşünürəm".
Ofisiant Kamil Mürsəlli: "Qarşılamadan tutmuş sağollaşana qədər müştərilərə ən yaxşı xidməti verməyə çalışırıq. Yeməkdən sonra şirniyyat, çay ikram edirik. Müştəri tövsiyə istəyəndə damaq dadlarına uyğun ən yaxşı yeməkləri, şirniyyatları tövsiyə edirik. 5 ulduz ala biləcəyimizə tam inanırıq".
Təsnifatlaşdırma işləri AQTİ tərəfindən aparılacaq. Restoranlarda da ulduz sayı, məkanın xidmət səviyyəsindən və keyfiyyətindən xəbər verəcək. Bu isə müştəri seçimini daha da asanlaşdıracaq.
Nəzrin Malik
