“Rocky Horror” filminin ulduzu Tim Curry 80 yaşında vəfat edib
İngiltərəli aktyor Tim Curry 80 yaşında vəfat edib. O, daha çox “The Rocky Horror Picture Show” musiqili filmində canlandırdığı qeyri-adi və ekstravaqant Frank-N-Furter obrazı ilə tanınırdı.
Curry əvvəlcə bu rolu səhnədə canlandırıb. 1975-ci ildə ekranlaşdırılan film sonradan kult əsərə çevrilib və bu günə qədər böyük fanat auditoriyasını qoruyub saxlayıb.
Aktyor 1990-cı ildə Stiven Kinqin “It” əsəri əsasında çəkilən televiziya ekranlaşdırmasında qorxunc kloun Pennywise obrazını da canlandırıb. 1996-cı ildə yayımlanan “Muppet Treasure Island” filmində isə Long John Silver rolunda çıxış edib.
Curry “Annie”, “The Hunt for Red October” və “Home Alone 2” kimi filmlərdə də rol alıb. O, Broadway səhnəsindəki fəaliyyətinə görə üç dəfə “Tony” mükafatına namizəd göstərilib.
1946-cı ildə Uorrinqtonda anadan olan aktyor universitetdən sonra ilk peşəkar rolunu 1968-ci ildə Londonda nümayiş etdirilən məşhur “Hair” rok-müziklində alıb.
1973-cü ildə həmin tamaşanın aktyorlarından biri olan Riçard O’Brien Curry-dən yeni hazırladığı müzikal üçün dinləməyə gəlməsini istəyib. Nəticədə aktyor ekstravaqant görünüşlü və qeyri-adi alim Dr. Frank-N-Furter roluna seçilib.
Curry ilk dəfə bu obrazı 1973-cü ildə Londonun Royal Court teatrının yuxarı mərtəbəsindəki səhnədə canlandırıb. Tamaşanın populyarlığı sürətlə artıb və nəticədə 1975-ci ildə onun əsasında film çəkilib. Ekran əsərində Susan Sarandon, Barry Bostwick və Richard O’Brien də rol alıblar.
“The Rocky Horror Picture Show” kinoteatrlarda ilk nümayişi zamanı böyük uğur qazanmasa da, sonradan pərəstişkarların sevimli filminə çevrilib. Film kino tarixində ən uzun müddət nümayiş etdirilən ekran əsəri rekordunu da qoruyur.
Güllər Gülhüseynova