Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət edilib
Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət edilib.
Prezident İlham Əliyev iyunun 16-da Roma Papasının Azərbaycana səfərə dəvəti ilə bağlı məktubunu Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakada təqdim edib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Vatikan dünya siyasətində, o cümlədən Avroatlantik məkanda kifayət qədər nüfuza malikdir:
“Roma Papası isə həm xristian dünyasında, xüsusilə katoliklər arasında, həm də ümumilikdə beynəlxalq aləmdə nüfuzlu şəxslərdən biridir. Azərbaycanın Roma Papasını ölkəmizə dəvət etməsi və bu dəvətin qəbul olunması Azərbaycanın dünyadakı mövqeyinin göstəricisi olmaqla yanaşı, katolik dünyası ilə münasibətlərdə yaxınlaşma və dostluq simvolu kimi də qiymətləndirilə bilər. Əgər Papa Azərbaycana səfər edərsə, bu, şübhəsiz ki, müsbət hadisə olacaq. Cənubi Qafqazda Gürcüstan və Ermənistan kimi xristian dövlətləri mövcuddur. Azərbaycan isə müsəlman ölkəsi olmasına baxmayaraq, müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı, multikultural dəyərlərin qorunduğu bir ölkədir. Xüsusilə Azərbaycan-Ermənistan münaqişəsinin başa çatması fonunda və dünyada mühüm geosiyasi proseslərin getdiyi bir dövrdə belə bir səfər Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərə, həmçinin xristian dünyası ilə əlaqələrin daha da inkişaf etməsinə töhfə verə bilər”.
Güllər Gülhüseynova