Rəqəmsal erada medianın rolu
Dövr informasiya dövrüdür. Cəmiyyətimiz ən adi məlumata belə “Acdır”. Zaman keçdikcə rəqəmsallıq demək olar ki, bütün sahələri öz təsiri altına alıb. İstər tibb sahəsi olsun, istər təhsil, istərsə də jurnalistika sahəsi. Müasir dövrdə rəqəmsallıq mediadan da yan keçməyib. İnformasiya alış-verişini ciddi şəkildə, özünəməxsus tərziylə yaxşı mənada ələ alıb. Jurnalistika sahəsində də özünü büruzə verən rəqəmsallıq isə medianın keçmişə nəzərən öhdəliklərini və rolunu müəyyən miqdarda dəyişib, özündən nələrsə qatıb. Bu da özlüyündə bir sıra müsbət və mənfi məqamlar gətirib.
Məsələ ilə bağlı, yeni media üzrə mütəxəssis Səbinə İzzətli İnformator.az’a açıqlamasında deyib ki, Rəqəmsal erada medianın rolu elə dəyişməz olaraq qalır-doğru zamanda, doğru məcrada, doğru məzmunla auditoriyaya xidmət etmək.
“Sadəcə dəyişən bu rolu icra etmək şəklidir. Yeni media şəraitinə keçid prosesində media artıq öz gündəmini auditoriyaya yeridə bilməz. Başqa sözlə, hər hansı bir KİV daha çox oxunmaq istəyirsə, kütləyə deyil, ayrı-ayrı şəxslər üçün xəbərləmə etməlidir. Məsələn, sizin auditoriya həm də “Facebook” sosial şəbəkəsindədirsə, o, hansısa önəmli məlumatı dostlarından da öyrənə bilər”.
Mütəxəssis qeyd edir ki, bu halda jurnalistin başqalarından fərqini,həmin məlumatın sürətlə doğru olub-olmadığını öyrənmək və təqdim etməsində görür.
“Həmçinin rəqəmsal dünyada İnternetin təkamülü ilə texnoloji inkişafın sürətlə getdiyinin şahid oluruq. Bu inkişaf ənənəvi kütləvi informasiya vasitələrində olmayan üç elementi jurnalistikaya gətirir: interaktivlik, hipertekstuallıq və multimedia. Bunun sayəsində jurnalist məhsulu daha çox əlçatandır, ancaq eyni zamanda da heç vaxt jurnalist kontenti bu qədər manipulyasiyaya məruz qalmayıb”.
Səbinə İzzətli əlavə edir ki, Sosial media alətlərindən yararlanan jurnalistlər çox vaxt təməl peşə prinsiplərini unudur.
“Bu jurnalistlər məlumatı bir neçə mənbədən yoxlamadan yayımlayır, özü də bir deyil, bir neçə məcrada, fərqli formatda, sürətlə paylaşa bilir. Bu durumda belə bir sual yaranır: texnoloji inkişaf jurnalistikaya müsbət, yoxsa mənfi təsir etmiş olur? Bu sual ətrafında düşünməyə dəyər. Əminəm ki, sualın konkret cavabı yoxdur. Faydalı və zərərli təsirin arasında bir orta yolun olduğunu düşünək və çalışaq ki, qızıl ortanı tuta bilək.”
Əli Məmmədli
