Rəşt–Astara dəmir yolu sahəsinin tikintisinə yaxın vaxtlarda başlanacaq
Rəşt–Astara dəmir yolu xəttinin tikintisinə bu yaxınlarda start veriləcək. İran nümayəndə heyəti layihə üzrə yekun müqavilənin imzalanması məqsədilə bir ay ərzində Rusiya Federasiyasına səfər edəcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Bulud Bağırov bildirib ki, Rəşt–Astara dəmir yolu layihəsi İranın şimalında Rəşt şəhərindən Astaraya (İran–Azərbaycan sərhədi) qədər uzanacaq hissəni nəzərdə tutur:
"Bu, hazırda “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizində mövcud olmayan son bağlayıcı seqmentdir və onun tamamlanması ilə Fars körfəzi limanlarından Rusiyaya və daha sonra Şimali Avropaya qədər fasiləsiz dəmir yolu əlaqəsi yaranacaq. Bu xəttin tikintisi ilə yüklərin quru yolu ilə tranziti daha sürətli və ucuz baş verə bilər, çünki indiyədək İrandan çıxan yüklər Rəşt-Astaraya qədər dəmir yolu ilə getdikdən sonra qalan hissədə avtomobil daşımasıyla davam etməli olurdu, bu da vaxt və logistika baxımından maneələr yaradırdı. Rəşt–Astara xəttinin tamamlanması bu sədləri aradan qaldıracaq. Tam inteqrasiya edildikdə INSTC (Şimal–Cənub nəqliyyat dəhlizi) vasitəsilə illik yüklərin çox milyon tonluq məbləğdə daşınması proqnozlaşdırılır və bu, region ölkələri üçün yeni ixrac-idxal və transit imkanları yaradacaq. Bu layihə Azərbaycan, İran və Rusiya kimi ölkələri birləşdirən nəqliyyat şəbəkəsinin əsas hissəsi kimi regional inteqrasiyanı dərinləşdirir, transit ölkələrin iqtisadi vasitəçilik rolunu gücləndirir və əsas logistika mərkəzinə çevrilmək imkanlarını artırır.
Hazırda Şimal–Cənub dəhlizi Hindistandan Rusiyaya qədər yükdaşımada potensialda böyük üstünlük vəd edir, lakin Rəşt–Astara hissəsinin olmaması bu marşrutu tam funksional və rəqabətqabiliyyətli etmirdi. Bu seqment tamamlandıqda dəhliz fasiləsiz olaraq Bəndər Abbas– Rəşt – Astara – Bakı – Rusiya marşrutu üzrə fəaliyyətdə olacaq. Bu dəmir yolu xətti ilə yüklərin daşınma müddətində ciddi qısalmalar gözlənir, Hindistandan Skandinaviya və ya Avropaya qədər yol 45 gündən 21 günə qədər azala, həmçinin daşınma xərcləri də əhəmiyyətli dərəcədə azalacaq. Tam inteqrasiya olunmuş dəhliz Suez kanalı və digər dəniz marşrutları ilə rəqabətə girə bilər, çünki quru yolu daha qısa vaxtda və daha az risklə həyata keçirilə bilər. Bu da beynəlxalq ticarət axınlarının şaxələndirilməsinə xidmət edəcək.
Layihəni uğurla reallaşdırmaq üçün risklərdən birincisi-dağlıq və çətin relyefli ərazilər, suvarma sistemləri və yeraltı şəbəkələr rels infrastrukturu və torpaq işləri baxımından tikinti prosesini çətinləşdirməsidir. 2025-ci ilin oktyabrında İranda xətt marşrutunun müəyyən hissələrinin yenidən planlaşdırılması bu tip layihələrin mürəkkəblik səviyyəsini göstərir. İran–Azərbaycan sərhədində gömrük prosesləri, rels sistemləri və standartlarının uyğunlaşdırılması tələb olunur. Əvvəlki dövrdə qatarların yüklərinin avtomobilə və ya başqa rels seqmentinə köçürülməsi lazım gəlirdi; bu isə yükləmə-boşaltma risklərini artırır, lakin tam xəttlə bu problem azalacaq".
Aişə Mustafayeva
