Rubio: Britaniya və Fransa Ukraynaya verilən zəmanətlər çərçivəsində qoşun göndərəcək
"Əslində təhlükəsizlik zəmanəti ABŞ tərəfindən olan dəstəkdir. Mən bəzi Avropa ölkələrinin Ukraynada müharibədən sonra qoşun yerləşdirməyə hazır olduğu faktını inkar etmirəm. sadəcə olaraq onu qeyd edirəm ki, ABŞ-nin dəstəyi olmadan bu, əhəmiyyətsizdir", - deyə o vurğulayıb. Dövlət katibinin sözlərinə görə, bunun səbəbi ayrı-ayrı dövlətlərin 20-30 il ərzində öz silahlı qüvvələrinə kifayət qədər vəsait yatırmamasıdır.
Bu mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a bildirib ki, ABŞ Dövlət katibi Marko Rubionun Ukraynaya təhlükəsizlik zəmantələri və Avropa ölkələri ordularının uzun illər kifayət qədər vəsait və resursla təmin edilmədiyi üçün təkbaşına hərbi əməliyyat aparmaq potensialına malik olmaması barədə yanaşması, ABŞ-nin qlobal təhlükəsizlik sistemindəki mərkəzi rolunu, həmçinin NATO daxilindəki güc balansını göstərməyə xidmət edir:
“Onun bu yanaşması ABŞ-nin liderliyinin müttəfiqlər üçün əvəzsiz olduğunu və Avropa qoşunlarının ABŞ-nin dəstəyi olmadan Ukrayna ərazisində hərbi əməliyyatlarda praktik əhəmiyyətinin məhdud olduğunu göstərir. Rubionun açıqlaması göstərir ki, Avropa ölkələri yalnız simvolik və ya məhdud miqyasda iştirak edə bilər, lakin ABŞ-nin iştirakı olmadan əməliyyatın nəticəsi məhdud qalacaq. Rubio faktiki olaraq ABŞ-nin dəstəyi olmadan Avropa ölkələrinin hərbi mövcudluğunu “əhəmiyyətsiz” adlandırır ki, bunun da əsas səbəbi, Britaniya, Fransa və digər Avropa dövlətlərinin son 20-30 il ərzində silahlı qüvvələrinə kifayət qədər sərmayə yatırmaması ilə bağlıdır. Bu, orduların modern texnologiya, təlim və infrastruktur baxımından ABŞ-nin strategiya və əməliyyat imkanları ilə rəqabət apara bilməyəcək qədər zəif olduğunu göstərir. Nəticədə, ABŞ Dövlət katibinin vurğuladığı kimi, Avropa qoşunlarının Ukrayna müharibəsində effektivliyi həqiqətən də ABŞ-nin dəstəyi olmadan məhdud qalır. Bu açıqlama bir tərəfdən ABŞ-nin qlobal təhlükəsizlik sistemində həlledici rolunu vurğulayır, digər tərəfdən Avropa ölkələrinin Ukrayna və daha geniş qlobal təhlükəsizlik məsələlərində hərbi rolunu reallığa uyğun kontekstdə qiymətləndirir. Rubionun mesajı həm ABŞ-nin strateji liderliyinin əvəzsiz olduğunu, həm də Avropa müttəfiqlərinin qoşun yerləşdirmə imkanlarının müstəqil əməliyyatlar üçün kifayət etmədiyini göstərməyə hesablanıb. Ümumilikdə isə Rubionun açıqlamalarını ABŞ-nin NATO daxilindəki liderlik rolunu, eləcə də qlobal təhlükəsizlik və müdafiə siyasətində Vaşinqtonun həlledici rolunu önə çıxarmaq cəhdi kimi qiymətləndirmək lazımdır”.
Cavahir Əsgərbəyli
