Rusiya Azərbaycan Qadınlar Birliyi Həmrəylik Günü və Yeni ili qeyd ediblər
"İnformator.az" xəbər verir ki, Rusiyanın Yaroslavl şəhərində “Yaroslavl Azərbaycan Qadınlar Birliyi” nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayram şənliyi qeyd edilib.
Tədbir Azərbaycan respublikasının Dövlət himni ilə başlayıb. Tədbirin təşkilatçısı Rusiya Azərbaycan Qadınlar Birliyinin rəhbəri, Yaroslavl Azərbaycan milli-mədəni muxtariyyəti nəzdində Qadınlar Şurasının sədri Xatirə Qəmbərova tədbir iştirakçılarını salamlayıb, onları Həmrəylik günü və Yeni ilin gəlişi münasibəti ilə təbrik edib. O, çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına bir töhfə olduğunu qeyd edib.
Tədbirdə Sankt-Peterburqdan Rusiya Azərbaycan Qadınlar Birliyinin sədr müavini, ”Çinar” MMM sədr müavini Ülviyyə Abbasova, RAQİB-nin Krım nümayəndəsi Qızqayıt Qədirova və Leyla Muradzadə iştirak ediblər. Bayram şənliyində Yaroslavl Qadınlar Birliyinin xanımları S.Vurgunun “Azərbaycan” şeirini söyləyib. Azərbaycan filmlərindən ,milli musiqi və rəqslərindən viktorinalar keçirilib. Şaxta Baba və Qar qız şənliyə xususi abu-hava qatıb, uşaqlara bayram sevinci bəxş edib. Tədbirdə Xalqlar Evi(Дом Народов) təşkilatının “millətlərarası münasibətlərin inkişafına göstərdikləri xidmətə görə” Təşəkkürnamə və Diplomları Xatirə Qəmbərova vasitəsilə Birliyin fəal üzvləri Əfsanə Allahverdiyeva, Fidan Şirinova, Kəmalə Şixaliyeva, Aynur Qafarova,Lətifə Şıxəliyeva, Ülviyyə Cəbiyeva, Ülviyyə Əyubova, Nuranə Kərimova, Mehbarə Əhmədova, Lalə Mamedova, Səbinə Mamedova, Leyla Mamedova, Könül Ağayeva , Kəmalə Həsənova, Lamiyə Rüstəmova xanımlara təqdim edilib.
