Rusiya casusluq şübhəsi ilə yaponiyalı jurnalisti həbs edib
Rusiya hakimiyyəti Yaponiyanın Hokkaydo Şimbun qəzetinin jurnalisti Yuki İmayini casusluq şübhəsi ilə həbs edib. O, Moskvanın müdafiə imkanları ilə bağlı məlumatları Yaponiya üçün toplamaqda ittiham olunur.
Jurnalist Rusiyanın uzaq şərqində yerləşən Saxalin vilayətində, ölkəni tərk etməsinə bir gün qalmış saxlanılıb. Onun dekabrın 12-dək həbsdə saxlanılacağı bildirilir.
Rusiya Təhlükəsizlik Xidməti (FSB) jurnalistin Yaponiya kəşfiyyatının tapşırığı ilə Kuril adalarında hərbi əməliyyatda iştirak edən şəxslər haqqında məlumat topladığını iddia edir. Rusiyada casusluq ittihamı ilə təqsirli bilinən şəxslər 20 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Yaponiya hökuməti isə jurnalistin həbsi ilə bağlı hələ ətraflı məlumat əldə etmədiyini və onunla əlaqə saxlaya bilmədiyini açıqlayıb. Hokkaydo Şimbun qəzeti də jurnalistin təhlükəsizliyinin əsas prioritet olduğunu bildirib.
Hadisə Rusiya ilə Yaponiya arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edir. İki ölkə arasında uzun illərdir davam edən Kuril adaları mübahisəsi münasibətlərin əsas problemlərindən biridir. Yaponiya Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə 2022-ci ildə Moskvaya qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, Rusiya 2019-cu ildə də Kyodo News agentliyinin yaponiyalı jurnalistini hərbi sirləri əldə etməyə cəhd göstərməkdə şübhəli bilərək saxlamış və 72 saat ərzində ölkəni tərk etməsini tələb edib.
Sevgi İbrahimova