00:00:00
Yazar
Admin User
04.02.2026 19:06 64 2 dəq oxuma
Dünya

Rusiya-Ukrayna danışıqları

Rusiya-Ukrayna danışıqları

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqların ikinci mərhələsinin 4-5 fevral tarixlərində baş tutacağını təsdiqləyib. APA-nın Moskva bürosunun məlumatına əsasən, görüşdə iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibində dəyişiklik edilməyib. Nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukov rəhbərlik edəcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ukraynanın, Rusiyanın və Amerikanın mövqeləri kəskin şəkildə bir-birindən fərqlənir:

 

“Rusiya, Ukrayna və Amerika üçtərəfli danışıqlarının növbəti raundunun gecikdirilməsi tam aydın olan bir mənzərəni ortaya qoyur. Bu o deməkdir ki, danışıqların birinci mərhələsində hər hansı bir ciddi məsələdə razılaşma əldə edilməyib. Analitiklərin əksəriyyətinin rəyinə görə, birinci mərhələ danışıqlar əsas məsələlərdə mövqelərin kardinal əks və ziddiyyətli olduğunun təsdiqlənməsindən başqa bir nəticə verməyib.

 

Yəni birinci mərhələdə tam təsdiqləndi ki, münaqişənin həllinə mane olan əsas məsələlərlə bağlı Ukraynanın, Rusiyanın və Amerikanın mövqeləri kəskin şəkildə bir-birindən fərqlənir. Hətta bu danışıqlarda Amerikanın əsasən Rusiyanın mövqeyinə yaxın durduğu da bir daha təsdiqləndi ki, bu da Ukrayna-Rusiya razılaşmasının yolunda ciddi maneə hesab olunur. Danışıqların ikinci mərhələsinin gecikdirilməsi həm də onu göstərir ki, tərəflər növbəti mərhələnin açılmasına o qədər də həvəslə yanaşmırlar. Çünki növbəti danışığın nə vaxt olmasından asılı olmayaraq, tərəflər ciddi nəticə əldə olunacağına əmin deyillər. Bu gün ortada ən ağır mübahisə Ukraynanın ərazi güzəşti və təhlükəsizliyinə təminat məsələsidir. Ukraynanın mövqeyi ərazidə güzəşt etməməkdən ibarətdir və Ukrayna ərazi məsələsinin müzakirəsinə təhlükəsizlik zəmanəti verilmədən getmək fikrində deyil. Rusiya isə buna tamamilə əks mövqe tutur və qeyd edir ki, ərazilərin güzəşt edilməsi ilə bağlı Ukraynanın real söz verməsi ortada olmasa, təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar mümkün deyil. Fikrimcə, danışıqların ikinci raundunun hansı günə təyin olunmasının prinsipial əhəmiyyəti yoxdur. Fevralın 4-də, 5-də ya 20-də olmasından asılı olmayaraq, danışıqlarda ciddi nəticə gözlənilmir. İkinci raundun gecikdirilməsi də daha çox onun nəticəsizliyinin başdan özünü göstərməsinin əlamətidir".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər