Rusiya Ukraynanı Yeni il dron hücumunda ittiham edib
Rusiya Ukraynanı Xerson bölgəsinin Rusiyanın nəzarətində olan hissəsində Yeni il gecəsi mülki şəxslərin toplaşdığı otel və kafeyə dron hücumu etməkdə günahlandırır. Rəsmi məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla azı 24 nəfər ölüb, 50 nəfər yaralanıb. Ukrayna ordusu isə məsələyə münasibət bildirməyib.
Regionda Rusiyanın təyin etdiyi qubernatoru Vladimir Saldo hücumun sahil kəndi Xorlidə baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, üç pilotsuz uçuş aparatı mülki əhalinin Yeni ili qeyd etdiyi ərazini hədəfə alıb və güclü yanğın yaranıb. Reuters yayılan görüntüləri müstəqil şəkildə təsdiqləyə bilməyib. Rusiya Xarici İşlər Nazirliyi hücumu müharibə cinayəti adlandırıb və bunun əvvəlcədən planlaşdırıldığını bildirib. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvanın buna döyüş meydanında cavab verəcəyini deyib. Xerson Rusiyanın ilhaq etdiyi bölgələrdən biridir və Kiyev bu addımı qanunsuz hesab edir.
Reuters
Qəmər Kazımzadə
