“Rusiya və ABŞ strateji hücum silahları ilə bağlı razılaşıb”
ABŞ və Rusiya Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) şərtlərinə ən azı yarım il əməl etmək barədə razılığa gəlib. Bu müddət ərzində tərəflər yeni sazişlə bağlı müzakirələri davam etdirəcəklər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya ilə ABŞ arasında müqavilənin müddəti bitib:
"Amma buna baxmayaraq, tərəflər müəyyən razılığa gəlib. Düşünürəm ki, Rusiya da maraqlıdır ki, Amerika Birləşmiş Ştatları bu müqaviləni bağlasın, çünki strateji silahlara nəzarət və onların azaldılması dünyada silahlanmanın müəyyən qədər qarşısını alır. Mən hesab edirəm ki, hazırda Rusiya və Amerika bir-biri ilə geosiyasi rəqabət aparırlar, hətta vəkalət müharibəsi də aparırlar. Sadəcə olaraq, belə bir sənəd kağız üzərindədir. Strateji hücum silahları həm Amerikada, həm də Rusiyada mövcuddur, müəyyən ixtisarlar ola bilər, amma bu, əsasən görüntü xatirinədir.
Bununla belə, növbəti mərhələdə danışıqlar masasına oturub müzakirələrin aparılması ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı müəyyən etimadın formalaşmasına və sülh prosesinə töhfə verə bilər. Amma artıq 2022-ci ildən əvvəlki dünya deyil. Amerika Birləşmiş Ştatları liderliyini qorumaq istiqamətində həm Rusiyaya, həm də onun müttəfiqlərinə qarşı ciddi təzyiqlər göstərir. Strateji hücum silahlarının azaldılması ilə bağlı müqavilə bağlanacaq. Amma qeyd etdiyim kimi, bu o demək deyil ki, bu silahlarla bağlı ciddi nəzarət olacaq. Sadəcə, bu, Rusiya və ABŞ arasında müəyyən bir rabitə xətti kimi xarakterizə edilə bilər".
Reyhan Quliyeva
