Rusiyanı müharibənin ildönümündə GÖZLƏYƏN SÜRPRİZ-Ordunu ayaq üstə saxlayan gəlir yeri kəsilir?
Rusiya-Ukrayna müharibəsinin növbəti ildönümü yaxınlaşdıqca beynəlxalq arenada gərginlik daha da artır. Qərb dövlətlərinin yeni sanksiya paketi üzərində işlədiyi bildirilir. Müzakirələr əsasən Rusiyanın hərbi büdcəsinin formalaşmasında mühüm rol oynayan enerji ixracı gəlirlərinə yönəlib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Moskvanın enerji gəlirlərinə yönələn yeni sanksiya ehtimalının yenidən beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilməsi tamamilə təbiidir:
“Müharibənin gedişi göstərir ki, hərbi əməliyyatların davamlılığı təkcə cəbhədəki vəziyyətdən deyil, həm də iqtisadi dayanıqlıqdan asılıdır. Bu baxımdan, Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlər onun hərbi büdcəsinin formalaşmasında həlledici rol oynayır. Rusiya iqtisadiyyatında enerji sektoru strateji əhəmiyyət daşıyır. Dövlət büdcəsinin mühüm hissəsi karbohidrogen ixracından formalaşır və müharibə dövründə müdafiə xərclərinin artması bu gəlirlərin rolunu daha da artırıb. Rəsmi məlumatlar göstərir ki, son illərdə hərbi xərclər rekord səviyyəyə çatıb və iqtisadiyyat getdikcə müharibə rejiminə uyğunlaşdırılıb. Bu isə o deməkdir ki, enerji gəlirlərində ciddi azalma hərbi sənaye kompleksinin maliyyələşməsinə birbaşa təsir göstərə bilər. Qərb ölkələri indiyə qədər artıq bir neçə mərhələdə sanksiya mexanizmlərini tətbiq ediblər. “SWIFT” sistemindən çıxarılma, texnologiya ixracına məhdudiyyətlər və neft üçün qiymət tavanı kimi addımlar Rusiyanın maliyyə imkanlarını məhdudlaşdırmağa hesablayıb. Lakin Moskva alternativ ixrac bazarlarına, xüsusilə Asiya istiqamətinə yönəlməklə, kölgə tanker donanmasından istifadə etməklə və milli valyutalarda hesablaşmaları genişləndirməklə müəyyən adaptasiya nümayiş etdirib. Bu səbəbdən indiyə qədər tətbiq olunan sanksiyalar iqtisadiyyatı çökdürməsə də, uzunmüddətli təzyiq mexanizmi rolunu oynayıb. Yeni sanksiya paketinin effektivliyi isə bir neçə amillərdən asılı olacaq. Əgər məhdudiyyətlər yalnız formal xarakter daşıyarsa, təsiri əsasən simvolik ola bilər. Lakin enerji daşımalarının sığortalanması, logistika zəncirlərinin nəzarəti və ikincil sanksiyaların, yəni Rusiyanınn neft-qaz alıcılarına da sanksilayarın tətbiqi kimi mexanizmlər tətbiq edilərsə, ixrac gəlirlərində real azalma mümkündür. Bu halda büdcə kəsiri arta, milli valyuta üzərində təzyiq güclənə və sosial xərclərlə müdafiə xərcləri arasında seçim zərurəti yarana bilər. Bununla belə, qısa müddətli perspektivdə enerji gəlirlərinin azalması müharibənin gedişini dərhal dəyişməyə bilər. Ukrayna ilə davam edən qarşıdurmada Rusiya artıq iqtisadi prioritetlərini yenidən müəyyənləşdirib və müdafiə sektoru əsas istiqamətə çevrilib. Dövlət digər sahələrdə xərcləri azaltmaqla hərbi istehsalı bir müddət dəstəkləyə bilər. Lakin orta və uzun müddətdə iqtisadi yükün artması struktur problemləri dərinləşdirə bilər. Tarixi təcrübə göstərir ki, uzunmüddətli müharibələr çox vaxt iqtisadi resursların tükənməsi fonunda dönüş nöqtəsinə çatır. Əgər yeni sanksiyalar enerji gəlirlərini sistemli şəkildə azalda bilsə, bu, hərbi əməliyyatların davamlılığını zəiflədə və danışıqlar üçün əlavə təzyiq amili yarada bilər. Əks halda, təsir məhdud qalacaq və münaqişənin dinamikası əsasən hərbi və geosiyasi faktorlarla müəyyənləşəcək. Ümumi olaraq qeyd edə bilərik ki, Rusiyanın enerji gəlirlərinə yönələn mümkün yeni sanksiyalar qısa müddətdə dramatik dəyişiklik yaratmasa da, uzunmüddətli strateji balansı təsirləndirə biləcək potensiala malikdir. Müharibənin taleyi isə yalnız cəbhədə deyil, iqtisadi dayanıqlıq və beynəlxalq koordinasiya səviyyəsində həll olunur”.
Banuçiçək Məmmədova
