00:00:00
Yazar
Admin User
05.02.2026 16:33 37 2 dəq oxuma
Dünya

Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 1,4 milyard avrosu Ukraynaya yönəldiləcək

Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 1,4 milyard avrosu Ukraynaya yönəldiləcək

Avropa depozitarı “Euroclear” sanksiyalar çərçivəsində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin 1,4 milyard avrosunu Ukraynaya dəstək məqsədilə Avropa fonduna köçürməyi planlaşdırır. Şirkətin hesabatına görə, bu vəsait 2026-cı ilin əvvəlində ikinci tranş kimi ödəniləcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya yönəldilməsi beynəlxalq hüquq baxımından olduqca həssas və mübahisəli presedent yaradır:

 

“Burada əsas məqam ondan ibarətdir ki, söhbət birbaşa aktivlərin müsadirəsindən deyil, həmin aktivlərin yaratdığı gəlirlərin istifadəsindən gedir. Bu yanaşmanı Qərb ölkələri suveren mülkiyyətin toxunulmazlığı prinsipinin formal olaraq pozulmadığı arqumenti ilə əsaslandırır. Lakin praktiki baxımdan bu, gələcəkdə dövlətlərin mərkəzi bank ehtiyatlarının sanksiyalar yolu ilə funksional olaraq neytrallaşdırılması riskini artırır. Bu presedent beynəlxalq maliyyə sistemində etimad məsələsini gündəmə gətirir və xüsusilə sanksiya riski yüksək olan ölkələri öz ehtiyatlarını Qərb maliyyə institutlarından kənara çıxarmağa təşviq edə bilər. Bu qərarın Avropa İttifaqı ilə Rusiya arasındakı siyasi gərginliyi daha da artırmaq potensialı kifayət qədər yüksəkdir. Moskva bunu artıq təkcə siyasi deyil, həm də iqtisadi müharibənin yeni mərhələsi kimi dəyərləndirir və qarşılıqlı cavab addımlarının mümkünlüyünü istisna etmir. Rusiya tərəfi bu addımı beynəlxalq hüququn selektiv tətbiqi kimi təqdim edərək, Qərbin “ikili standartlar” siyasətini gücləndirdiyini iddia edir. Bu isə dialoq imkanlarını daha da məhdudlaşdırır, münasibətləri uzunmüddətli və struktur xarakterli qarşıdurma müstəvisinə keçirir və normallaşma perspektivlərini xeyli zəiflədir. ABŞ və Aİ-nin bu mexanizmi açıq şəkildə dəstəkləməsi Qərbin Ukraynaya yanaşmasının taktiki deyil, strateji xarakter daşıdığını göstərir. Burada məqsəd təkcə qısamüddətli maliyyə dəstəyi vermək deyil, Ukraynanın dövlət funksionallığını və müharibə şəraitində iqtisadi dayanıqlığını uzun müddət qorumaqdır. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin sistemli şəkildə Ukraynaya yönəldilməsi Qərbin münaqişənin tezliklə bitəcəyinə dair illüziyalarla hərəkət etmədiyini, əksinə, uzunmüddətli qarşıdurmaya hazırlaşdığını göstərir. Bu yanaşma eyni zamanda Rusiyaya ünvanlanan siyasi mesajdır: müharibənin iqtisadi yükü tədricən və institusional formada onun üzərinə yönəldiləcək". 

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər