SÖZƏ QİYMƏT VERƏNLƏR VƏ YAXUD LAYİQLİ VARİSLƏR
Həqiqət və inkarolunmaz fakt budur ki, sözün qiymətini, gücünü dərk edən, anlayan, onun nəyə qadir olduğunu bilən insan sözə hər an məsuliyyətlə, söz əhlinə isə qayğı ilə yanaşacaq. Fərq etməz şair olsun, yazıçı olsun, jurnalist olsun və yaxud söz aləmindən uzaq bir insan olsun. Təki sözün qiymətini dərk etsin, duysun...
Böyük mütəfəkkir Lev Tolstoy demiş: “Söz böyük nemətdir... Sözlə insanları birləşdirmək də olar, ayırmaq da...”. Məhz dünənimizi bu günümüzə birləşdirmək, böyük söz sahiblərinin amal və əməllərini gəncliyimizə çatdırmaq üçün “Kaspi” qəzeti də üz tutdu dünənimizə. O dünənimizə ki, sözləri ilə böyük bir xəzinə yaradan, xalqı azadlığa, xoşbəxtliyə, yeniliyə doğru aparan klassiklərimizin əməlləri, amalları var orda.
Doğrudur, bu gün respublikamızda qəzet bolluğudur. Hər birinin də cəmiyyətdə öz yeri, öz səviyyəsi var, yaxşı ya pis. Bu başqa bir mövzudur. Lakin danılmaz bir faktdır ki, milli mənəvi dəyərlərimizin qorunması və yaşanması üçün Azərbaycan mətbuatı, ədəbiyyatı, mədəniyyəti və ictimai fikir tarixinin inkişafında misilsiz xidmətləri olan, klassiklərimizə onların ədəbi-bədii, elmi-nəzəri irsinə, şəxsiyyətinə “Kaspi” qəzeti qədər geniş yer verən, səxavətlə qucaq açan qəzetimiz yoxdur. Bəlkə (elə bəlkəsiz) kimlərsə mənim bu fikirlərimlə razılaşmayacaq. Öz işləridir. Lakin həqiqəti inkar etmək çox çətindir. Bəzən belə bir fikirlə də rastlaşıram ki, “bu gün qəzetlər yalnız informasiya verməklə kifayətlənməlidir”. Məncə, çox yanlış fikirdir. Dünənini, keçmişini bilməyən, özünü tanımayan bir millət sabahını, tarixi inkişaf yolunu düzgün müəyyənləşdirə bilməz...
Fikrimi sübut etmək üçün diqqətinizi “Kaspi” qəzetinin son illərdə keçirdiyi müsabiqələrə, xüsusi buraxlışlara yönəltmək kifayətdir.
Rusdilli qəzet olmasına baxmayaraq, XX əsrin əvvəllərində milli ruhlu ziyalılarımızın əsas tribunasına çevrilən “Kaspi” qəzetinin yubileyinə, igidliyi və vətənpərvərliyi ilə bir daha milyonların qəlbini fəth edən Milli qəhrəmanımız Mübariz İbrahimovun ölməz xatirəsinə, vətənpərvər şeirləri ilə Azərbaycan ədəbiyyatının tarixinə əbədi həkk olunan Məmməd Arazın anım gününə və s. bu kimi milli-mənəvi dəyərlərə bağlı yubileylər, müsabiqələr “Kaspi”çilərin həyat devizinə çevrilib. Və yaxud Azərbaycanda mətbuatın, mədəniyyətin, ədəbiyyatın inkişafında, azadlığın əldə edilməsində ölçüyə gəlməz dərəcədə silinməz yerləri olan klassiklərimizə həsr edilən xüsusi buraxılışları gözdən keçirmək kifayətdir ki, bu həqiqətlə razılaşasan.
Kimlərə həsr edilib bu xüsusi buraxılışlar? Bütün türk dünyasını “Dildə, fikirdə, işdə birlik” deyə birliyə çağıran, yarım əsrə yaxın mücadilə aparan İsmayıl bəy Qaspiralıya, “...azəri türklərinin milli düşüncəsinə“millət” anlayışını gətirərək” onu daima ittihada və tərəqqiyə səsləyən, “qafqaz türklərinin atası” adlandırılan Əli bəy Hüseynzadəyə, istiqlalımızın və istiqbalımızın uğrunda canını fəda etməkdən çəkinməyən Məhəmməd Əmin Rəsulzadəyə, bütün ömrünü millətinin vəkili olaraq mücahid edən Əli Mərdan bəy Topçubaşova və başqalarına...
Onların mətbu irsinə, ədəbi-fəaliyyətinə, şəxsi həyatına, dünyagörüşünə, işıqlı fikirlərinə həsr edilən bu xüsusi buraxılışların hər biri qardaş Türkiyəyə,onların orada yaşayan övladlarına, nəvə-nəticələrinə göndərildi. Bu fakt özü bir daha onların əzizlərinə sübut etdi ki, onların ataları, babaları xalqımızın qədirbilən övladları tərəfindən heç vaxt unudulmur, amalları,əməlləri yaşayır və yaşayacaqdır.
Xüsusi buraxılışların hər birini auditoriyaya aparıram və tələbələrimlə müzakirə edirik, onların fikir və rəylərini öyrənirəm. Mətbuatımızın tarixinə həsr edilən bu xüsusi buraxılışlar üçün Jurnalistika fakültəsinin rəhbərliyi və çoxsaylı tələbələrim adından bir daha “Kaspi”çilərə minnətdarlığımızı bildirirəm.
Əlbəttə, bu xeyirxah işlərin həyata keçirilməsində,təbii ki, qəzetin təsisçisi tədqiqatçı alim, filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist, Milli televiziya və Radio Şurasının üzvü Sona xanım Vəliyevanın, qəzetin baş redaktoru “Əməkdar jurnalist”, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədlinin və bütövlükdə “Kaspi”çilərin böyük zəhməti var.
Sona xanımın mətbuatımıza, klassiklərimizə olan bu qayğısı XX əsrin əvvəllərində mədəniyyətimizin, maarifimizin, mətbuatımızın inkişafı üçün varidatını çəkinmədən sərf edən Hacı Zeynalabdin Tağıyevin ruhunun şad olması üçün ən böyük sayğıdır desək, lap yerinə düşər. Çünki bir zamanlar rusdilli “Kaspi”nin milli ruhlu bir qəzetə çevrilməsi üçün Hacının çəkdiyi zəhmətlərin bəhrəsi bu gün də onun qədirbilən xalqının sözə qiymət verən bir xanımı tərəfindən davam etdirilir.
Sona xanım, Sizin üçün ona görə “Zaman xəbərsiz” ötür ki, millətimizin tarixində və taleyində belə şərəfli yer tutan bu qiymətli insanların irsini yad etməklə, gənc nəsillərə çatdırmaqla, zamanınızı bu xeyirxah işlərə sərf edirsiniz.
Cəmi üç-dörd ildir ki, “Kaspi” ilə sıx əməkdaşlıq edirəm. Azərbaycan mətbuatının tarixi, onun görkəmli şəxsiyyətləri haqqında çap olunan yazılarımın uğurlu taleyi üçün “Kaspi”çilərə çox minnətdaram. Hərdən düşünürəm ki, bu az zaman ərzində məni onlara, xüsusən də Sona xanıma bağlayan nədir? Sona xanımın mətbuat tariximizə olan qayğısımı? Yoxsa Həsən bəyə və Mirzə Cəlil yaradıcılığına, şəxsiyyətinə olan sonsuz sevgimi, hörmətmi? Və yaxud Sona xanımın daha çox sevdiyim şeirlərindən birində dediyi kimi: “Mən şəhərli ola bilmədim” etirafımı.
Sona xanım, Siz nə yaxşı şəhərli ola bilmədiniz. Bəlkə onda bu səmimiyyət, bu saflıq, bu sadəlik Sizdən çox-çox uzaq düşərdi və Sizi ətrafınızdakılar bu qədər sevməzdi. Bəlkə də ona görə ola bilmədiniz ki, bütün ruhunuz, mayanız dahi Mirzə Cəlil amalları ilə yoğruldu.
Siz də sözü duymayanlara, onu dərk etməyənlərə Həsən bəydən, Mirzədən, Əli bəydən, Əli Mərdan bəydən, Ağaoğludan dönə-dönə bəhs etməklə onları anlatmaq istəyindəsiniz. Çox gözəl. Çünki bu gün millətimizin Həsən bəy vətənpərvərliyinə, Mirzə Cəlil ağayanalığına, Əli bəy uzaqgörənliyinə, Ağaoğlu millətpərəstliyinə, Əli Mərdan bəy siyasətinə çox böyük ehtiyacı var.
“Kaspi”nin ilk qadın tədqiqatçısı Səmayə Mövlayevanın təbrincə desək: “Bu böyük dahilərin ruhu uyuyan, dəsti-xətti duyulan “Kaspi”yə redaktorluq etmək də çox məsulliyyətli bir işdir. Elə böyük tarixi şəxsiyyətlərdən sonra belə bir qəzetə rəhbərlik etmək üçün gərək bütün varlığınla xalqına, dövlətinə, millətinə bağlı bir qələm əhli olasan”
Əlbəttə, “Kaspi”nin 1999-cu ildən ta bu günə kimi olan fəaliyyətində, uğurlarında bütövlükdə hər bir “Kaspi”çinin öz əməyi və rolu var. Ona görə də qəlbində millət, xalq sevgisi olan bu söz əhlinin hər birinə “layiqli varis” olmağı arzulayıram.
“Ədalət” qəzeti, may 2014
BDU-nun professoru Qərənfil Dünyaminqızı
