00:00:00
Yazar
Admin User
05.02.2026 08:26 190 3 dəq oxuma
Mədəniyyət

"Söz var, qayda var, anlaşılmazlıq var"

"Söz var, qayda var, anlaşılmazlıq var"

Aydın məsələdir ki, dil ilə bağlı problemlər hələ də cəmiyyətin ən aktual mövzularından biri olaraq qalmaqda davam edir. Demək olar ki, hər gün bununla bağlı müxtəlif iclas, görüş, konfrans və təlimlər keçirilir. Lakin əksəriyyət Azərbaycan dilinin qayda-qanunlarını düzgün hesab edərək bunu özlərində aşılayır. Amma bir şeyi unutmaq olmaz ki, dilimizdə olan istisna və məntiqi düşüncə tələb edən qaydalar saysız-hesabsızdır. 

 

Məhz bugünkü köşə yazısında bu məsələlərə toxunmağa çalışacam. 

 

Hər kəsə məlumdur ki, Azərbaycan dilinin qrammatikasına görə "Bir çox", "Bir sıra" saylarından sonra gələn isimlər həmişə cəmdə, "Çox", "-Larla²" şəkilçisi ilə düzələn saylardan sonra gələn isimlər isə həm tək, həm də cəmdə işlənə bilər. Buradakı əsas problem cəmliklə bağlıdır. Məntiqi cəhətdən düşündükdə biz bilirik ki, "Bir çox", "Bir sıra, "Çox" sayları elə özləri cəmlik bildirir. Onlardan sonra gələn isimlərin cəm şəkilçisi qəbul etməsinə "-Lar²" ehtiyac yoxdur. Bu sadəcə olaraq dilin sadəliyini məhv edir.

Məsələn, "Bir çox adam bura gəlir" "Bir çox adamlar bura gəlir". Onsuz da "Bir çox" sayı aid olduğu isimin cəmdə olduğunu sübut edir ki, burada 1 adamdan yox, 2 və daha artıq adamdan söhbət gedir. Buna görə də, "Adam" sözünə cəm şəkilçisi artırmağa ehtiyac yoxdur. Bu, sadəcə olaraq, dildə təkrarlığın yaranmasına, dilin sadəliyinin pozulmasına şərait yaradır. 

 

Digər bir məsələ isə Azərbaycan dilində yer alan "Predikativ" sözlərdir. Belə ki, Azərbaycan dilində "Var", "Lazım", "Yox", "Gərək", "Mümkün", "Bəs" sözləri müəyyən bir suala cavab vermədən cümlədə müstəqil isimi xəbər olur. Burada əsas iki söz - "Yox" və "Var" sözlərinə diqqət etmək lazımdır. Problem isə, bu sözlərə şəxs-xəbərlik şəkilçisi "-Dır⁴" artırıb xəbər funksiyasında işlətməkdir. Onsuz da, bu sözlər cümlədə predikativ söz kimi yalnız xəbər olur, əlavə olaraq bunlara xəbərlik şəkilçisi artırmaq doğru deyil. 

Məsələn: "Onun dörd kitabı var", "Onun dörd kitabı vardır" bu nümunələrdə də yuxarıdakı məsələ öz əksini tapır. 

 

Başqa bir problem isə, "Xeyr" və "Xeyir" sözləridir. Belə ki, izahlı lüğətdə xeyr - bir şeylə razı olmadıqda və ya verilən suala mənfi cavab üçün işlənir, nitq hissəsi olaraq isə "Ədat" funksiyasını daşayır. Xeyir isə - fayda, mənfəət deməkdir, nitq hissəsi olaraq da "İsim" funksiyasını özündə göstərir. Lakin bir çox əsərlərdə, hətta Azərbaycan dili dərsliyində yer alan bəzi mətnlərdə bu sözlər yanlış funksiyada verilir.

Məsələn: "Sabahınız xeyir !" əvəzinə, "Sabahınız xeyr" kimi qələmə alınıb. Belə ki, qrammatikanın qoyduğu qaydanı məhz dərsliklər təkzib etmiş olur. 

 

Belə məsələlərdən biri də "Ov", "Öv" hərf birləşməsi ilə bağlı olan sözlərə şamil qaydanın dəyişməsidir. Belə ki, əvvəl "Ov" və "Öv" hərf birləşməsi olan sözlərin tələffüzü zamanı "v" samiti düşür, "ö və o" saitləri bir qədər uzun tələffüz edilir.

Məsələn: Dovğa [Do:ğa], Dovşan [Do:şan] və.s formada olurdu. Lakin yeni qaydaya əsasən, bu sözlər yazıldığı kimi də tələffüz edilir. Amma aydındır ki, [do:ğa] kimi tələffüz forması, [dovğa] kimi tələffüz formasından daha rahat və sadədir. 

 

Təbii ki, belə problemlər çoxdur. Mən yalnız aktual olanlardan bəhs etdim. Beləliklə, Azərbaycan dilinin problemi yalnız danışıq üslubunda yox, həmçinin yazı cəhətdən də özünü büruzə verir. İnşallah, bu kimi problemlərin aradan qaldırılması üçün aidiyyəti qurum tərəfindən müəyyən addımlar atılar. 

 

Mayıl Soltan 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər