Sözlər çox, eşidən yox
Bugünkü dünyada insanlar daim danışır, fikirlərini paylaşır, amma çox vaxt bir-birini dinləmək qabiliyyətini itirib. Sosial media, sürətli həyat ritmi və şəxsi maraqlar dialoqun önünü kəsir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, biz ifadəni düzgün istifadə etməliyik:
“Biz ifadəni düzgün istifadə etməliyik. Dialoq mədəniyyəti deyil, ünsiyyət mədəniyyəti kimi ifadə etsək, daha düzgün olar. Doğrudur, son vaxtlarda insanlar arasında ünsiyyət mədəniyyəti çox zəifləyib. Əslində hamı danışır, amma harda danışır, nə danışır? Biz bu haqda deyə bilərik ki, insanlar daha çox sosial şəbəkələrdə danışırlar, sosial şəbəkələrdə ünsiyyət qurmağa çalışırlar. Amma bu ünsiyyət hansı məntiqə əsaslanır, hansı mənada baş verirsə, biz bu haqda danışmalıyıq. Bilirsiniz ki, sosial şəbəkələrdə insanlar bir-birini monitor vasitəsilə görürlər. Yəni istər telefon, kompyuter istərsə də, planşetlər olsun. Digər texnologiyalardan istifadə edərək bir birinə ünsiyyət qururlar. Amma bu canlı ünsiyyət deyil. Canlı o mənada ki, insanlar bir birini ekran vasitəsilə görürlər, arada bir ekran var, bir monitor var, bu vasitə ilə bir-birini görür. Canlı ünsiyyət insanların bir masa arxasında əyləşib bir-birinə ünsiyyət bağlaması, və yaxud da bir evdə yaşayan insanlar-valideynlərlə övladlar arasında daha çox bu kontekstdən yanaşırıq ki, övladlarla valideynlər arasında olan ünsiyyət də zəifləyib. Bunun əslində araşdırılmasına çox da ehtiyac yoxdur. Çünki hər şey artıq göz qabağındadır. Elə biz özümüz də bir fərd olaraq övladlarımızla danışarkən daha çox telefondan istifadə edirik. Əvvəllər də telefon olub, insanlar hətta bir-birinin üzünü görmədən bir-biri ilə əlaqə saxlayıblar. Amma o zaman insanlar telefondan istifadə etsələr də, müəyyən zaman çərçivəsində uzun-uzadı telefon danışıqlarına telefonda, uzun-uzadı söhbətlərə yol vermirdilər. Ən təcili məqamlarda bir-birinə telefonla zəng edirdilər. Amma ailəyə aid olan məsələləri və yaxud da hansısa problemlə bağlı olan məsələləri telefondan çox istifadə edərək dərdləşmirdilər. Bəli, biz hamımız artıq müəyyən yaşa gəlmiş insanlarıq və düşünürük ki, bu, zamanın tələbidir. Kompüterdən, mobil telefonlardan istifadə edərək, istər görüntülü şəkildə, istərsə də səsini duymaqla bir birimizlə əlaqə saxlamalıyıq. Lakin bilirsiniz ki, bu vasitələrdən istifadə edərkən insanlar bir birinə düzgün enerji ötürə bilmirlər. Daha çox gənclər bu vasitələrdən istifadə edirlər. Sosial şəbəkələrdə bir-biri ilə ünsiyyət saxlayırlar. Hətta bu vasitələrdən istifadə edərək bir birinə evlilik təklifi edən insanlar da var. Amma mənə belə gəlir ki, biz nə qədər də bu vasitələri yüksək qiymətləndirsək də, canlı ünsiyyət tamamilə başqa bir şeydir. Canlı ünsiyyət insanları bizim gözümüzlə görünməyən tellərlə bir birimizə bağlayır. Hətta belə bir ifadə eşitmişdim ki, insanlar görüşərkən onlar bir birinə sanki bir gözəl enerji ötürürlər ki, bu enerji onlar arasında həm mehribançılıq, həm belə deyək ki, daha səmimi münasibət təmin edirlər. Mən də bunun tərəfdarıyam. Əgər biz hər şeyi gənclərin üzərində qursaq, desək ki, gənclər arasındakı dialoq mədəniyyəti, yəni ünsiyyət mədəniyyəti azalıb. Bu da düzgün olmaz. Gənclərə qarşı haqsızlıq etmiş olarıq. Çünki artıq hamımız uşaqdan böyüyə bu vasitələrdən istifadə edirik. Sadəcə indi insanlar bir-birini dinləmək istəmirlər. Bax, bu artıq bir başqa mövzudur, çünki bəzən insanlar bir birini ittiham edirlər. Sadə bir hadisə baş verir, sanki onu kimsə ittiham edəcək, onu mühakimə edəcək kimi fikirlərə dalırlar. Amma bu düzgün deyil. Dialoq həmişə lazımdır. Çünki dialoqla insanlar bir birini daha yaxşı başa düşürlər. Bu canlı dialoq canlı ünsiyyət olsa, daha yaxşı olar. Yəqin ki, belə bir ifadə eşitmisiniz ki, gözlər qəlbin aynasıdır. Gözlər heç vaxt insanları aldatmır, gözlərinin içinə baxa-baxa o ünsiyyəti qursalar, o dialoqu qursalar, ortada nə yalan olmaz, nə də bir neqativ hadisələr baş verməz”.
Banuçiçək Məmmədova
