"Sərhəd tanımayan gənclər": Bakıda regional rifah və gənclərin potensialı müzakirə olunub
Azərbaycan, Bakı, 16 iyun 2026-cı il – İslam İnkişaf Bankı (İİB) Qrupu regional inteqrasiyanın İİB-yə üzv dövlətlərdəki gənclər üçün necə yeni perspektivlər yarada biləcəyini nəzərdən keçirmək üçün “Sərhəd tanımayan gənclər: ortaq regional rifahın təşviqi” mövzusunda 14-cü Gənclərin İnkişafı Forumunu təşkil edərək hökumət rəsmilərini, inkişaf sahəsində çalışan mütəxəssisləri, gənc liderləri, sahibkarları və elm xadimlərini bir araya gətirib.
İİB Qrupunun Bakı şəhərində təşkil etdiyi 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində “Dayanıqlı rifah naminə regional inteqrasiya” devizi altında baş tutan Forumda daha sıx regional əməkdaşlığın gənclərin məşğulluğu, sahibkarlıq fəaliyyəti, mobilliyi, innovativ təşəbbüsləri və dayanıqlı inkişafını nə dərəcədə irəli apara biləcəyi məsələləri ətrafında müzakirələr aparılıb.
Forumu giriş sözü ilə açan İİB-nin Dayanıqlılıq və İqlim Fəaliyyəti Departamentinin direktoru cənab İdrissa Dia dayanıqlı inkişafın təşviqində və İİB-yə üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində gənclərin səlahiyyətləndirilməsinin müstəsna əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Zati-aliləri cənab Anar Kərimov gənclərə qoyulan sərmayənin bir dövlətin həyata keçirə biləcəyi ən mühüm strateji investisiyalardan biri olduğunu xüsusi vurğulayıb. O, təhsil, bacarıqların inkişafı və regional əməkdaşlığın gələcək nəsillərin hərtərəfli potensialının tam şəkildə üzə çıxarılmasında həlledici rol oynadığını bəyan edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov gənclər üçün yeni imkanların açılmasında və ölkənin uzunmüddətli inkişafının dəstəklənməsində təhsil, sahibkarlıq və regional tərəfdaşlığın əvəzsiz rolunu ön plana çəkib.
Ev sahibi ölkəni təmsil edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini cənab Fərhad Hacıyev çıxışı zamanı bildirib ki, innovasiya, peşəkar bacarıqların təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq vasitəsilə gənclərin imkanlarının genişləndirilməsi dayanıqlı rifahın təmin edilməsi və regional əlaqələrin dərinləşdirilməsi baxımından həyati əhəmiyyət kəsb edir.
“Sərhəd tanımayan gənclər: regional əməkdaşlıq gənclərin potensialının inkişafı üçün katalizator qismində” adlı yüksəksəviyyəli panel müzakirəsində ADA Universitetinin adyunkt-professoru və Dünya Bankının baş məsləhətçisi Dr. Ramil Məhərrəmov, Avropa Gənclər Parlamenti – Azərbaycanın Müşahidə Şurasının üzvü və NAYORA-nın sədr müavini Güldanə Dadaşova, "SABAH.HUB" İnnovasiya Mərkəzinin həmtəsisçisi və icraçı direktoru, eləcə də "SABAH Fund"un həmtəsisçi baş tərəfdaşı Rəhim Bayramlı, habelə gənclər və gender məsələləri üzrə beynəlxalq ekspert, "Gender Hub Azerbaijan"ın təsisçisi və COP29 Təşkilat Komitəsinin üzvü Məryəm Məcidova məruzəçi qismində çıxış ediblər.
Panel iştirakçıları gənclərin idarə etdiyi müəssisələri dəstəkləyən, bilik və qabaqcıl təcrübə mübadiləsini asanlaşdıran, eləcə də gənc sahibkarların transsərhəd ticarət və rəqəmsal iqtisadiyyat proseslərinə cəlb olunması üçün yeni imkanlar açan daha güclü regional əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının zəruriliyini vurğulayıblar. Müzakirələr zamanı həmçinin regional əməkdaşlıq təşəbbüslərinin işlənib-hazırlanması və icrası prosesində gənclərin mövqeyinin dolğun şəkildə ifadə olunması üçün şəraitin yaradılmasının müstəsna əhəmiyyəti ön plana çəkilib.
Forum gənclərin potensialının artırılmasına xidmət edən və dayanıqlı regional inkişafa töhfə verən miqyaslana bilən həll yollarının işlənib-hazırlanması məqsədilə hökumətlər, inkişaf institutları, akademik dairələr, özəl sektor və gənclər təşkilatları arasında daha sıx qarşılıqlı fəaliyyət və tərəfdaşlıq çağırışı ilə yekunlanıb.
İslam İnkişaf Bankı (İİB) Qrupu haqqında
Dünyanın aparıcı reytinq agentlikləri tərəfindən “AAA” reytinqinə layiq görülmüş İslam İnkişaf Bankı Qlobal Cənubun qabaqcıl çoxtərəfli inkişaf bankıdır (MDB). Bank 50 ildən artıqdır ki, genişmiqyaslı təsir yaratmaqla xidmət etdiyi insanların və icmaların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Dörd qitəni əhatə edən 57 üzv dövləti özündə birləşdirən Bank dünya əhalisinin təxminən hər dörd nəfərindən birinin həyatına toxunur. O, insanların öz yaşıl iqtisadi inkişaflarını və dayanıqlı sosial tərəqqilərini idarə etmələri üçün imkanlar yaratmaq, ekoloji cəhətdən təmiz infrastruktur formalaşdırmaq və öz potensiallarını reallaşdırmalarına zəmin yaratmaqla inkişaf sahəsindəki çağırışların aradan qaldırılmasına və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına dəstək vermək üçün əməkdaşlığı təşviq etməyə sadiqdir. Baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İİB-nin 10 regional mərkəzi və bir mükəmməllik mərkəzi fəaliyyət göstərir. İllər ərzində Bank tək bir təşkilat çərçivəsindən çıxaraq özündə aşağıdakı qurumları birləşdirən böyük bir Qrupa çevrilmişdir: İslam İnkişaf Bankı (İİB), İslam İnkişaf Bankı İnstitutu (IsDBI), İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC).