SÜKAN ARXASINDA MOBİL TELEFON QADAĞASI NİYƏ YOXDUR?
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib.Yol qəzalarının bir çoxu sürücünün diqqətsizliyi nəticəsində baş verir ki, burada əsas səbəblərdən biri sükan arxasında telefondan istifadədir. Bu istiqamətdə maarifləndirmə məqsədilə qurum tərəfindən videoçarx da hazırlanıb.
NİİM-in ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Ömər Xıdırovun sözlərinə görə, avtomobil idarə edərkən mobil telefondan istifadə etmək sürücünün diqqətinin dağılmasına səbəb olmaqla yanaşı qəzalara da yol açır. Belə hallarda sükanı tək əliylə tutan sürücü qəza riskiylə qarşılaşanda tez reaksiya verməkdə çətinlik çəkir. Həmçinin telefonla danışan sürücünün görmə qabiliyyəti də zəifləyir. “Kamera görüntülərindən də aydın olur ki, bəzi hallarda sürücülər əlində telefon ya kiminləsə danışır, ya telefonda müxtəlif üsullardan istifadə etməklə, sosial şəbəkələrdən istifadə etməklə fikir, diqqət həmin telefona yayınır və nəticədə də yol nəqliyyat hadisəsi baş verir. Sürücülərə çağırış edirik ki, buradan mümkün qədər, mümkün qədər yox ümumiyyətlə mobil telefondan avtomobil idarə edərkən mobil telefondan istifadə etməsinlər”.
Vəkil Vamiq Şükürov bu problemin bir çox ölkələrdə - Rusiya, Türkiyə, İngiltərə, Almaniya, Hollandiyada kökündən həllini tapdığını deyir. Bildirir ki, Azərbaycanda isə İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, sürücü avtomobili idarə edərkən əli ilə mobil telefondan istifadə edərsə, bu, inzibati xəta sayılır. Yalnız mobil telefonu əllə tutaraq danışmaq, əllə tutaraq sms yazmaq, səs göndərmək inzibati xəta hesab olunur.
RƏQSANƏ
